AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNİN SƏDRİ AZƏRBAYCANDA İNSAN HAQLARININ MÜDAFİƏSİNDƏN RAZIDIR
AZƏRTAC xəbər verir ki, mayın 2-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Jan-Pol Kosta ilə görüşmüşdür.
Milli Məclisin sədri bildirmişdir ki, Avropa strukturlarına inteqrasiya müstəqil Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Bu gün Azərbaycan Avropa Şurası, Avropa Məhkəməsi və insan haqları ilə məşğul olan digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Avropa Şurasının insan hüquqları üzrə konvensiyaları parlamentdə təsdiq olunmuşdur. Bu sahə üzrə Azərbaycanın qanunvericilik bazası Avropa standartlarına uyğunlaşdırılmışdır. İnsan haqlarının qorunması, demokratik proseslərin daha da dərinləşməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.
Sonra O.Əsədov Milli Məclisdə son dövrdə görülmüş işlərdən söz açaraq, Azərbaycan parlamentinin Avropa ölkələrinin qanunvericilik orqanları ilə sıx əlaqə saxladığını vurğulamışdır.
Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq Azərbaycanda gördüyü inkişafdan və Milli Məclisin yeni təmir olunmuş inzibati binasında olmaqdan məmnunluğunu bildirmişdir. O, səfər çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyətini yüksək dəyərləndirmiş, Milli Məclisdə insan hüquqlarının qorunması sahəsində qanun yaradıcılığında atılan əməli addımların əhəmiyyətini xüsusi vurğulamışdır. Bildirmişdir ki, təmsil etdiyi qurum gələcəkdə də Azərbaycan ilə əlaqələrini davam etdirəcəkdir.
Görüşdə Azərbaycanın məhkəmə-hüquq sistemində aparılan islahatlar, qanun yaradıcılığı sahəsində Avropa təcrübəsinin öyrənilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.