DÜNYA
Avropa İttifaqı Qazprom məhsullarından asılılığı azaltmaq əzmindədir
![Avropa İttifaqı Qazprom məhsullarından asılılığı azaltmaq əzmindədir](/files/2022/2/1200x630/1658748547140358987_1200x630.jpg)
Brüssel, 25 iyul, AZƏRTAC
Avropa İttifaqı artıq gələn ilin mart ayına qədər Rusiya qazının istehlakının təqribən 15 faiz azaltmağa çalışmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bəyan edib. Brüsselin əsas məqsədi Rusiya qazından asılılığı 2027-ci ilə qədər tamamilə aradan qaldırmaqdır.
Avropa İttifaqı növbəti yarım il ərzində istehlakı 15 faiz, yəni 45 milyard kubmetr azaltmaq niyyətindədir.
“Bu gün dünyada Rusiyadan daha etibarlı tərəfdaşlar var”, - deyən Avropa Komissiyasının rəhbəri bildirib ki, məhz bu səbəbdən Avropa İttifaqı Qazpromun məhsullarından asılılığı azaltmağa çalışmalıdır.
“Biz ABŞ və Norveç kimi daha etibarlı tərəfdaşlarla yeni sazişlər bağlayırıq”, - deyən Ursula Fon der Lyayen. görünür, daha etibarlı tərəfdaşlar sırasında Azərbaycanı da xatırlatmağı unudub. Axı bu yaxınlarda Avropa Komissiyasının rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevlə energetika sahəsində strateji münasibətlər haqqında memorandum imzalayıb.
Avropa İttifaqı “REPowerEU” mexanizminin köməyi ilə qaza qənaət və bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi layihələrinə 300 milyard avro həcmində sərmayə qoymaq niyyətindədir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel