DÜNYA
Avropa İttifaqı Ukraynaya yardım qismində 1,2 milyard avro ayıracaq
![Avropa İttifaqı Ukraynaya yardım qismində 1,2 milyard avro ayıracaq](/files/2022/1/1200x630/16430292773531827480_1200x630.jpg)
Bakı, 24 yanvar, AZƏRTAC
Avropa İttifaqı Ukraynaya bu ölkədəki münaqişə ilə bağlı yardım qismində 1,2 milyard avro vəsait ayıracaq. Həmçinin Aİ Kiyev üçün yeni makro-maliyyə yardımı paketi hazırlayır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen jurnalistlərə açıqlamasında deyib.
“Bu gün mən təcili kreditlər və qrantlar formasında yeni yardım paketini elan edirəm. Avropa Komissiyası ilk növbədə 1,2 milyard avro həcmində yeni makro-maliyyə yardımı paketi hazırlayıb. Bu paket Ukraynaya münaqişə ilə bağlı yaranan maliyyə ehtiyaclarını ödəməkdə kömək edəcək. Biz Şuranın və Avropa Parlamentinin qısa müddət ərzində bu paketi təsdiq edəcəyini gözləyirik”, - deyə siyasətçi bildirib.
“Bundan başqa, biz tezliklə ölkənin modernizə səylərini dəstəkləmək üçün ikinci - daha böyük makro-maliyyə yardımı proqramı üzərində işə başlayacağıq”, - deyə Ursula fon der Lyayen əlavə edib.