DÜNYA
Avropa Komissiyası 15 üzv ölkədən kənd təsərrüfatının idarə edilməsində nöqsanlara görə 180 milyon avro təzminat tələb etmişdir
Bakı, 16 avqust (AZƏRTAC). Avropa Komissiyası 15 üzv ölkədən kənd təsərrüfatının idarə edilməsində nöqsanlara görə 180 milyon avro təzminat tələb etmişdir.
“Euro news” kanalının məlumatına görə, komissiyanın yaydığı bəyanatda bu ölkələrin ümumi kənd təsərrüfatı siyasətinə əməl etmədikləri bildirilmişdir. Ən böyük cərimə 59 milyon avro olmaqla Birləşmiş Krallığa kəsilmişdir. Növbəti yerlərdə 39 milyon avro ilə Polşa, 11,5 milyon avro ilə Danimarka gəlir. Kənd təsərrüfatının idarə edilməsində əsas nöqsan torpaqların düzgün bölünməməsi, coğrafi informasiya sisteminin yoxluğu, yerlərdə nəzarətin zəif olması və vəsaitlərin düzgün xərclənməməsi göstərilmişdir. Komissiya 1999-2007-ci illərdə 24 qərarla üzv dövlətlərə qarşı 4,2 milyard avro sanksiya tətbiq etmişdir.