AVROPA ÖLKƏLƏRİ AZƏRBAYCAN BİZNESMENLƏRİ İLƏ ƏMƏKDAŞLIQDA MARAQLIDIRLAR BAKIDA BEYNƏLXALQ KONFRANS İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının və İngiltərənin “Java İnvestments Management PLC” şirkətinin birgə təşkilatçılığı, Avropa Vəkillər İttifaqının və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə mayın 12-də “Park İNN Azərbaycan” mehmanxanasında “Azərbaycan biznesinin Avropa potensialı” mövzusunda üçgünlük beynəlxalq konfrans işə başlamışdır.
Tədbirdə Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov bildirmişdir ki, Azərbaycanın müstəqilliyinin bərpasının ilk günlərində bu mövzuda konfransın keçiriləcəyinə çox az adam ümid bəsləyərdi. Lakin hazırda sosial-iqtisadi tərəqqi baxımından olduqca yüksək göstəricilər əldə etmiş ölkəmiz artıq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Son illərdə istər regionların inkişafı, sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun dirçəldilməsi, istərsə də əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilən dövlət proqramları uğurla reallaşdırılmışdır. Azərbaycan xalqının ümummilli lideri, bu günlərdə 85 illik yubileyini yüksək səviyyədə keçirdiyimiz ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli strategiya Prezident İlham Əliyevin rəhbərliyi ilə qətiyyətlə davam etdirilir.
Azərbaycan bu gün həm regional əməkdaşlıq, həm də Avropa strukturlarına inteqrasiya baxımından böyük nailiyyətlər əldə etmişdir. Avropa Şurası, Avropa İttifaqı, NATO, ATƏT və başqa beynəlxalq təşkilatlarla əlaqələr çox yüksək səviyyədədir. Ölkəmizin inkişaf strategiyasının davam etdirilməsi üçün məqsədyönlü dövlət proqramlarının müstəsna rolunu dolğun şəkildə əsaslandıran Prezident İlham Əliyev bölgədə və dünyada gedən geosiyasi proseslərin düzgün dəyərləndirilməsini, Azərbaycanın milli mənafelərinin hər zaman təmin olunmasını da əsas şərt kimi irəli sürür.
Azərbaycanda təşəkkül tapan dayanıqlı sabitlik, demokratik inkişaf yolunda qazanılan nailiyyətlər respublikamıza olan beynəlxalq marağı durmadan artırır. Ölkəmizin geosiyasi mövqeyi və həyata keçirilən düzgün müəyyənləşdirilmiş xarici siyasət kursu əksər dünya dövlətlərini Azərbaycanla qarşılıqlı əməkdaşlığa sövq edir. Hazırda Azərbaycan investisiya qəbul edən ölkədən investisiya yatıran ölkəyə çevrilir, respublikamız iri beynəlxalq layihələrdə əsas iştirakçı kimi qəbul olunur. Bu isə, beynəlxalq aləmdə iqtisadi məsələlərin aparıcı mövqe tutduğu və həlledici amilə çevrildiyi indiki zamanda olduqca zəruri əhəmiyyət kəsb edir.
Avropa Vəkillər İttifaqının təmsilçisi Co Lemmer, “Java İnvestments Management PLC” şirkətinin direktoru Filip Dovern və başqaları Azərbaycanın regionun aparıcı ölkəsinə çevrildiyini və bölgədə Avropanın birinci tərəfdaşı olduğunu diqqətə çatdırmışlar. Natiqlər bu mövzuda konfransın keçirilməsini Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin təzahürü hesab edərək vurğulamışlar ki, Avropada biznes üçün böyük imkanlar var və biz Azərbaycan iş adamları ilə əməkdaşlıq etməyə hazırıq.
Tədbirdə mütəxəssislərin Fransa, Lüksemburq, Estoniya və digər ölkələrin biznes mühiti ilə bağlı məruzələri dinlənilmişdir.
Konfrans mayın 14-də başa çatacaqdır.