SİYASƏT
Avropa Parlamenti komitəsinin sədri Aİ-ni Cənubi Qafqazda münaqişələrin həllində səyləri gücləndirməyə çağırmışdır
Budapeşt, 22 noyabr (AZƏRTAC). Avropa Parlamentinin Aİ-nin Cənubi Qafqaz ölkələri ilə Parlament əməkdaşlığı komitəsinin sədri Milan Kabrnox (Polşa) “Parliament Magazine” jurnalında dərc etdirdiyi məqalədə Brüsselin Cənubi Qafqazda yeritdiyi siyasəti tənqid etmişdir. O, bu siyasəti həmin ölkələri kifayət qədər başa düşməməkdən irəli gələn “böyük səhvlərlə” dolu siyasət adlandırmışdır. Deputat yazır: “Biz onlara hələ də böyütməli olduğumuz kiçik qardaşlar kimi baxırıq, lakin biz münasibətlərimizi və real tərəfdaşlığımızı bu yolla qurmamalıyıq”.
Müəllif bildirir ki, onları narahat edən başlıca məsələ təhlükəsizlikdir. O yazır: “Azərbaycan, Gürcüstan və Ermənistan məhz bu sahədə bizdən kömək gözləyirlər, amma təəssüf ki, biz qətiyyətlə hərəkət etmək iqtidarında deyilik. Müxtəlif monitorinq missiyaları təsis etməkdən savayı, problemlərinin həllində onlara başqa bir köməyimiz dəymir. Biz yalnız regionda münaqişələri pisləyən amorf bəyanatlar verə bilirik”.
Kabrnox Avropa İttifaqının qətiyyətsizliyindən istifadə edərək keçmiş imperiyanı və keçmiş əraziləri bərpa etməkdə davam edən üçüncü qüvvələrdən də bəhs edir. Müəllifin fikrincə, “indiyədək bu üç ölkəyə təklif olunan yalnız söz, tənqid və ekspertlər olmuşdur”, halbuki başqa qüvvələr onlara silah, təhlükəsizlik, qaz və neft təklif edir. Sonda Kabrnox yazır: “Biz də eyni şeyləri təklif etməməliyik, bunun əvəzinə onlara demokratiya, insan hüquqları, media azadlığı təklif etməliyik”. Sonda müəllif qeyd edir ki, Brüssel münaqişələrin həllində fəal olmalıdır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt