SİYASƏT
Avropa Parlamentində verilən bəyanatların Azərbaycan üçün heç bir siyasi və hüquqi çəkisi yoxdur - Politoloq
Bakı, 21 yanvar, AZƏRTAC
Avropa Parlamentinin yanvarın 18-də Laçında baş verənlərlə bağlı ölkəmizi günahlandıran qətnamə ilə çıxış etməsi, Azərbaycandan dəhlizi açmaq istənilməsi və rəsmi Bakını Qarabağdakı ermənilərin hüquqlarının qorunmasına çağırması, Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığı, ordumuzun bu ölkənin ərazisindən çıxarılması kimi tələblərin qətnaməyə salınması qərəzli və birtərəfli münasibətin bariz nümunəsidir.
Avropa Parlamenti bu addımı ilə, həmçinin Avropa İttifaqı-Azərbaycan münasibətlərinə xələl gətirmək əzmini nümayiş etdirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov söyləyib.
“Aydın məsələdir ki, bir neçə gün əvvəl Avropa Parlamentində səsləndirilən bəyanatların Azərbaycan üçün heç bir mənəvi, siyasi, hüquqi çəkisi yoxdur. Əgər Avropa Parlamenti həqiqəti demək istəyirsə, o zaman ərazi bütövlüyü məsələsində niyə Azərbaycanın adını çəkmədi? Avropalıların erməni hərbi birləşmələrinin Qarabağın dağlıq hissəsindən çıxarılması tələbini səsləndirməmələri, əvəzində isə Azərbaycan hərbçilərinin Ermənistandan çıxarılması kimi tələbləri qərəzli münasibətin son həddidir”,-deyə politoloq vurğulayıb.
Z.Məmmədov deyib ki, beləcə Fransa və Ermənistan Aİ-nin Prezidenti Şarl Mişelin son bir ildə Bakı ilə İrəvan arasında səmərəli vasitəçi kimi nailiyyətlərinin üstündən xətt çəkmiş olur. Görünən odur ki, Şarl Mişel və Ursula Fon der Lyayen kimi fiqurlara qarşı erməni diasporu, həmçinin Fransa hökuməti tərəfindən təzyiq mexanizmi məhz Avropa Parlamenti, Avropa Komissiyası qismində meydana buraxılıb və bu cür avantürist çıxışlar bundan sonra da olacaq.
Politoloq qeyd edib ki, baş verən hadisələrə görə Avropa ölkələrinin iş mexanizmləri, metodları yeni yanaşmalarla nəzərdən keçirilməlidir.
Avropa Parlamentinin hazırladığı layihə mətni, sözsüz ki, Azərbaycanla Aİ arasında yeni sazişin imzalanmasının vaxtını bir qədər də uzadacaq. Əgər Avropa strukturları Cənubi Qafqaza münasibətlərində məhz erməni məsələsi prinsipi ilə yanaşacaqlarsa, sözsüz ki, qitənin siyasi institutunun bölgədəki nüfuzuna zərbə vurmuş olacaqlar.
Zaur Məmmədov sonda vurğulayıb: “Yaxşı olardı ki, Avropanın müvafiq strukturları Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand başda olmaqla, bir çoxları ilə bağlı araşdırmalara başlasın. Hər kəsə məlumdur ki, bu gün Avropa Parlamentinin bir çox üzvü erməni diasporu tərəfindən maliyyələşdirilir. Ötən ilin sonunda Avropa Parlamentində bəzi ölkələrlə bağlı araşdırmaların da başlanılması buna sübutdur. Ancaq digər ölkələrin rüşvət məsələsində adları çəkilsə də, erməni milyonçuları ilə bağlı susqunluq nümayiş etdirilir”.