AVROPADA BİR MİLYARD BUTULKA ŞƏRABI YANAÇAĞA ÇEVİRƏCƏKLƏR
Bu tədbirlər Amerika və Avstraliya şərablarına tələbatın artması ilə bağlıdır. Tənqidçilər bunu Fransa şərabçılarının tələbata uyğunlaşa bilməmələrinin labüd nəticəsi sayırlar. Hazırda Avstraliya şərabının Avropaya ixracı 10 il əvvəlkindən 20 dəfə çoxdur. Böhran qismən dünyada ən iri şərab idxalçısı olan Böyük Britaniyada yaranmış vəziyyətlə bağlıdır. Mexanikləşdirilmiş bağların üzümlərindən istehsal edilən və bunun sayəsində Avropa şərablarından xeyli ucuz olan Avstraliya şərabları bir neçə il əvvəl İngiltərədə ən populyar şərablar idi.
Ötən il Avropa İttifaqında şərabdan benzin emal edilməsinə təqribən 500 milyon avro sərf olunmuşdur. Şərabçılar öz məhsullarının satılmayacağını bilsələr də, istehsalı dayandırmırlar. İspaniya şərabının təxminən dörddə bir hissəsindən sənaye məqsədləri üçün istifadə olunur. Kənd təsərrüfatı üzrə Avropa komissarı Mariann Bol demişdir: “Avropa həddindən çox şərab hazırlayır, amma satışı üçün bazar yoxdur”.
Yaxın zamanda Avropa Komissiyasında şərabçılıq sahəsində islahatların müzakirəsi başlanacaqdır. İslahatlar çərçivəsində Fransada 400 min hektar üzümlük şumlanacaqdır. Fermerlərə şərab istehsal etmədiklərinə, lakin sahələrini ekoloji normativlər çərçivəsində saxladıqlarına görə haqq ödəməyə başlayacaqlar.