DÜNYA
Avrozona və Avropa İttifaqında borclanma göstəricisi artmışdır
Bakı, 17 avqust (AZƏRTAC). Avrozona və Avropa İttifaqında borclanma göstəricisi artmışdır.
Avropa statistika komissiyasının son məlumatına görə vahid valyuta məkanında dövlət borcu 92,2 faizə yüksəlmişdir. Pul ekvivalenti ilə bu 8,75 trilyon avro deməkdir. Avrozonada dövlət borcu rüblərarası müqayisədə 1,6 faiz, illik əsasda isə 4 faiz artmışdır. 18 aylıq resessiya, bank böhranı və ticarətin azalması fonunda avrozonanın beş ölkəsinin dövlət borcu 100 faizdən artıq səviyyədə qərarlaşmışdır. İlk sırada 160,5 faizlə yenə də Yunanıstan gəlir. İtaliya 130,3 faizlik dövlət borcu ilə ikinci sırada yer almışdır. Portuqaliyada bu göstərici 127,2 faiz, İrlandiyada 125,1 faiz, Belçikada 104,5 faizə bərabərdir.
Yunanıstanın dövlət borcu il ərzində 24 faiz artmışdır. Borc göstəricisi bir ildə 18,3 faiz artan İrlandiya 3 ardıcıl rüb geriləmənin ardından rəsmi olaraq yenidən resessiyaya daxil olduğunu etiraf etmişdir.
Avropa İttifaqında ümumi borc göstəricisi 85,9 faiz və ya 11,11 trilyon avroya yüksəlmişdir.