AVSTRİYA PARLAMENTİ LİSSABON SAZİŞİNİ RATİFİKASİYA ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avstriya parlamentinin yuxarı palatası (Milli Şura) aprelin 9-da keçirilən iclasında Lissabon Sazişinin ratifikasiyası məsələsini müzakirəyə çıxarmışdır.
Avropa İttifaqının 27 ölkəsinin dövlət və hökumət başçıları tərəfindən 2007-ci il dekabrın 13-də imzalanmış Saziş doqquz saat sürən gərgin müzakirələrdən sonra parlament tərəfindən təsdiq edilmişdir. Aprelin 24-də parlamentin aşağı palatası (Bundesrat) və əyalət parlamentləri Lissabon sazişini təsdiq etməli, ölkə başçısı Haynts Fişer və Baş kansler Alfred Quzenbauerin imzası ilə ratifikasiya prosesinə yekun vurulmalıdır.
Bununla da Avstriya Fransa, Macarıstan, Sloveniya, Malta, Rumıniya, Bolqarıstandan sonra Lissabon Sazişini ratifikasiya edən növbəti ölkə olacaqdır. Bütün üzv ölkələr tərəfindən ratifikasiya ediləcəyi təqdirdə, Lissabon Sazişi 2009-cu il yanvarın 1-dən qüvvəyə minəcəkdir.
Lissabon sazişinin əsas məqsədi Avropa İttifaqı orqanlarını müasirləşdirmək və onların fəaliyyət metodlarını optimallaşdırmaqdır. Sazişdə, həmçinin qloballaşma, enerji təminatı, demoqrafik tarazlıq, iqlim dəyişiklikləri, təhlükəsizlik və s. mövzuların böyük əhəmiyyət kəsb edəcəyi 21-ci əsrdə Avropanın güclü vahid mövqe nümayiş etdirməsi öz əksini tapmışdır. Sazişdə Avropa ölkələri başçılarının quruma 2 il yarım müddətinə rəhbərlik etməli olan prezidentin seçilməsi, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə “ali təmsilçi” vəzifəsinin təsis edilməsi nəzərdə tutulur.
Avropa İttifaqının 2004-cü ildə Romada imzalanmış Konstitusiyası sonra üzv ölkələr tərəfindən yekdilliklə ratifikasiya edilməmişdir. Bir sıra ölkələr Konstitusiyanı parlament, digərləri isə referandum vasitəsilə ratifikasiya etməyə çalışmışdır. Lakin Fransa və Hollandiya əhalisinin əksəriyyəti referendumda Konstitusiyanın əleyhinə səs vermiş və bununla da layihə qəbul olunmamışdır.
Bu səbəbdən hazırda Avropa Konstitusiyasını əvəz etməli olan Lissabon Sazişinin parlamentlər tərəfindən ratifikasiya edilməsinə üstünlük verilir. Yalnız İrlandiya hökuməti Sazişin ratifikasiyasını iyun ayında referendum yolu ilə həyata keçirəcəyini elan etmişdir.