DÜNYA
Avstriya parlamentinə seçkilərdə doqquz siyasi qüvvə mübarizə aparacaqdır
Vyana, 15 avqust (AZƏRTAC). Sentyabrın 29-da Avstriya parlamentinə (Milli Şuraya) növbəti seçkilər keçiriləcəkdir.
Proporsional seçki sistemi əsasında baş tutacaq seçkilərdə doqquz siyasi qüvvə parlamentdəki 183 yer uğrunda mübarizə aparacaqdır.
Hazırda Avstriya parlamentində təmsil olunan beş partiya (Avstriya Sosial-Demokratlar Partiyası, Avstriya Xalq Partiyası, Avstriya Azadlıq Partiyası, Yaşıllar Partiyası və Avstriya Naminə Birlik) ilə yanaşı, daha dörd siyası qüvvə - Avstriya Kommunist Partiyası, NEOS - Yeni Avstriya, PİRAT - Avstriya Piratlar Partiyası və FRANK - Frank Ştronaxın Komandası seçicilərin rəğbətini qazanmağa çalışacaqlar.
İctimai rəyi araşdıran institutların apardıqları sorğuların nəticələrinə görə, hazırkı koalisiyalı hökumətdə təmsil olunan Avstriya Sosial-Demokratlar Partiyası (25-28 faiz arasında) və Avstriya Xalq Partiyası (24-26 faiz arası) qarşıdan gələn 25-ci çağırış parlament seçkilərində əsas siyasi güc olaraq qalacaqlar və seçkilərdən sonra onların koalisiyalı hökumətinin davam etdirilməsi ehtimalı yüksəkdir.
Parlament seçkilərində Avstriyanın seçki hüququna malik 6,3 milyon nəfər əhalisi siyasi qüvvələr arasında öz seçimini edəcəkdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana