ELM VƏ TƏHSİL
Aydan və Nigar Bağırova bacıları Çində Azərbaycanı layiqincə təmsil edirlər
Pekin, 24 dekabr (AZƏRTAC). Pekin İkinci Xarici Dillər Universitetində (PİXDU) əcnəbilər üçün çin dilinin tədrisi ilə məşğul olan beynəlxalq mədəniyyət mübadiləsi departamentinin yaradılmasının 30-cu ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Çin Xalq Respublikası (ÇXR) təhsil nazirinin müavini Xao Pin tədbirdə universitetin çin mədəniyyətinin dünyada tanıdılması və çin dilinin əcnəbilər üçün tədrisi istiqamətində PİXDU-nun gördüyü işləri yüksək qiymətləndirmişdir.
1964-cü ildə yaradılmış Pekin İkinci Xarici Dillər Universiteti ölkədə əsasən dilçilik sahəsi üzrə ixtisaslaşmışdır. Bundan başqa, təhsil ocağı iqtisadiyyat, hüquq, turizm ixtisasları üzrə də kadrlar hazırlayır.
PİXDU-da 500-dən çox əcnəbi tələbə təhsil alır. Onların arasında iki azərbaycanlı tələbə - Aydan və Nigar Bağırova bacıları da vardır. 2008-ci ildən bu universitetdə təhsil alan Bağırova bacıları nümunəvi tələbələr kimi bir çox uğur qazanmış, universitetin ictimai həyatında fəallıq göstərmiş, dəfələrlə universitet rəhbərliyinin fəxri fərmanları və təşəkkürnamələrinə layiq görülmüş, bir sözlə Azərbaycanı layiqincə təmsil etmişlər. Hazırda çin dili ixtisası üzrə 4-cü kursda təhsil alan Aydan və Nigar 2009-2010-cu tədris ilində universitetin ən yaxşı 20 tələbəsinin daxil olduğu qrupda Şanxay şəhərində keçirilən “World Expo”-da iştirak etmək hüququ qazanmışlar. Bundan başqa, Bağırova bacıları hər semestr universitetin ən yaxşı tələbələri üçün Çinin müxtəlif bölgələrinə təşkil edilən səfərlərin daim iştirakçılarıdırlar. Onlar Çində təhsil alan xarici tələbələr arasında keçirilən çin dili yarışlarında dəfələrlə qaliblər sırasında olmuşlar. Aydan bir il universitetin tələbə təşkilatının sədri olmuş, Nigar isə təşkilatın bir bölməsinə rəhbərlik etmişdir. Bu il tələbə təşkilatının təşəbbüsü ilə PİXDU-da keçirilmiş tələbələrin beynəlxalq mədəniyyət festivalında Bağırova bacılarının hazırladıqları Azərbaycan stendi “Ən yaxşı stend” mükafatına layiq görülmüşdü.
Elə universitetin beynəlxalq mədəniyyət mübadiləsi departamentinin yaradılmasının 30-cu ildönümünə həsr olunmuş mərasimdə xarici tələbələr adından çıxış etmək üçün Nigarın seçilməsi də Bağırova bacılarının nümunəvi tələbə olduqlarını təsdiqləyir. Nigar öz çıxışında Çindəki təhsilin üstünlükləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr haqqında danışmışdır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin