AYİB AZƏRBAYCANDA MİKROMALİYYƏLƏŞDİRMƏ İŞİNƏ DƏSTƏK VERİR
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ölkəmizdə mikromaliyyələşdirmə fəaliyyətində yaxından iştirak edir.
AZƏRTAC xəbər verir ki, qurum Norveçin “Normikro” MMC üçün 1 milyon ABŞ dolları, “AzerCredit” qurumu üçün isə 2 milyon ABŞ dolları məbləğində kredit ayırmışdır. Vəsait Azərbaycanın regionlarında mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsi üçün istifadə olunacaqdır.
“AzerCredit” qurumu kənd təsərrüfatı və ticarət sektorunda fəaliyyət göstərir. AYİB-in ayıracağı 10 min ABŞ dolları məbləğində kreditlər yalnız mikro və kiçik sahibkarlıq üçün sərf ediləcəkdir.
“Normikro” qurumunun fəaliyyəti ölkənin 12 rayonunu əhatə edir, 10 min ABŞ dollarına qədər olan vəsaitlər sahibkarlara kreditlərin verilməsinə istifadə edilir. Hazırda kreditin orta məbləği 752 ABŞ dollarıdır.
Hər iki kredit səmərəli təcrübələrin yayılması, təlimlər keçirilməsi, avadanlıq və proqram təchizatına sərmayələrin qoyulması vasitəsilə institusional inkişafın dəstəklənməsi məqsədi ilə texniki əməkdaşlıq çərçivəsində qrantlarla müşayiət olunacaqdır.