Ayşən Abduləzimova: Macarıstan çempionatında çıxış etsəm də, Azərbaycan voleybolunu yaxından izləyirəm
Bakı, 10 yanvar, AZƏRTAC
Ölkəmizdən kənarda olsam da, Azərbaycan voleybolunu yaxından izləyirəm. Çalışıram ki, bütün xəbərlərdən məlumatlı olum. Ötən ilin sonunda Azərbaycan Voleybol Federasiyasının hesabat-seçki konfransı keçirildi və Cavid Qurbanov yenidən qurumun prezidenti seçildi. Düşünürəm ki, bu, ölkəmizdə voleybolun inkişafına yeni imkanlar açacaq və komandalarımız yenidən uğurlu nəticələr qazanacaqlar.
Bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin və Macarıstanın “Vaşaş” klubunun üzvü Ayşən Abduləzimova AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Perspektivli voleybolçu çıxış etdiyi klubun hədəflərindən danışarkən deyib: “Yanvarın 15-də Macarıstan kuboku uğrunda turnirin yarımfinal mərhələsinə start veriləcək. Komandamızın əsas məqsədi ölkə çempionatında və kubok yarışlarında uğurlu nəticə əldə etməkdir. Bundan əlavə, cari mövsüm Orta Avropa Voleybol Zona Assosiasiyasının (MEVZA) turnirində də çıxış edirik. Bu yarışda da əsas hədəfimiz qızıl medal qazanmaqdır”.
Koronavirus pandemiyasının idmanın digər növlərində olduğu kimi, voleyboldan da yan keçmədiyini bildirən A.Abduləzimova qeyd edib: “Bir çox ölkələrdə yarışlar keçirilmirdi. Bəzilərində isə mövsüm yarımçıq dayandırılmışdı. Həmçinin Azərbaycanda da ölkə çempionatı yarımçıq ləğv olundu. Düzdür, ölkə xaricində mən karyeramı davam etdirirdim. Azərbaycanlı komanda yoldaşlarım var idi ki, məşq prosesini evdə davam etdirirdilər. Azərbaycanda kişilər və qadınlar arasında ölkə çempionatının yeni mövsümün start götürməsi çox sevindirici haldır. Hamıya bəllidir ki, idmançı mütəmadi məşq etdikdə formada olur. Pandemiya yeniyetmə voleybolçuların inkişafına da mənfi təsirini göstərdi. Müəyyən yaş qrupu üzrə voleybolçuların bəziləri karyeralarını tez başa vurdular. Ümid edirəm ki, Azərbaycanda yeni nəsil voleybolçular yetişəcək və milli komandamızın heyətində ölkəmizi layiqincə təmsil edəcəklər”.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sonuncu Avropa çempionatında uğursuz çıxışına toxunan A.Abduləzimova bunu pandemiya ilə əlaqələndirərək qeyd edib: “Komandamızın çempionata hazırlaşması üçün çox az vaxtı var idi. Təlim-məşq toplanışlarımız oldu. Ancaq bir ildən çox müddətdə məşq etməyən idmançı üçün böyük yarışlarda oynamaq çox çətindir. Qitə birinciliyində gənc oyunçularımız da iştirak etmişdi. Bəzi peşəkar voleybolçular isə turnirə qatıla bilməmişdi. İnanıram ki, bu müvəqqəti mərhələdir və qarşıdakı illərdə daha uğurlu nəticələr əldə edəcəyik. Biz hər zaman nailiyyətlərimizlə xalqımızı sevindirmişik və bu uğurları təkrarlamağa çalışacağıq”.