Azər Əmiraslanov: Azərbaycanda kənd təsərrüfatı sahəsində mühüm tədbirlər həyata keçirilir
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycanda kənd təsərrüfatı sahəsində mühüm tədbirlər həyata keçirilir. Ölkə əhalisinin təxminən 40 faizi kənd yerlərində aqrar sektorda məşğuldur. Bu baxımdan da kənd təsərrüfatı bizim üçün olduqca əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov aprelin 23-də parlamentdə keçirilən “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
Azər Əmiraslanov bildirib ki, kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır. İndiyə qədər Azərbaycan ərzaq təhlükəsizliyi baxımından heç zaman ciddi risklərlə üzləşməyib. Eyni zamanda, kənd təsərrüfatı iqtisadiyyatın şaxələndirilməsində mühüm yer tutur.
O qeyd edib ki, kənd təsərrüfatının inkişafından danışarkən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən aqrar torpaq islahatlarını xüsusi vurğulamaq lazımdır. Bu gün Azərbaycanda kənd təsərrüfatının dəstəklənməsi çoxşaxəli yanaşma ilə aparılır.