MƏDƏNİYYƏT
“Azerbaijan Art Festival-2014” layihəsi çərçivəsində Gəncədə nümayiş olunan əsərlər sənətsevərlərdə xoş təəssürat yaradır
Gəncə, 17 iyul (AZƏRTAC). Gəncədəki Məhsəti Gəncəvi Mərkəzində “Baku Creative Center”in təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Nar Mobile” mobil operatorunun baş sponsorluğu ilə reallaşdırılan “Azerbaijan Art Festival-2014” layihəsi çərçivəsində gənc rəssamların əsərlərindən ibarət sərgi nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, regionlarda müasir incəsənət anlayışının aşılanması məqsədilə iyulun 1-dən başlanan festival bundan əvvəl Astara, Lerik, Yardımlı, Lənkəran, Bərdə və Goranboyda reallaşıb.
Tamaşaçılar Lalə Ağayeva, Asima Səmədli, Fəxri Abbasov, Səmra Axundova, Fərqanə Əliyeva, Vüsalə Ağaraziyeva, Fəridə Qarayeva, Lalə Hüseynova, Rasim Mahmudov, Elnur Həsənov, Pərviz Əsədov, Günel Ravilova, Anar Qəmbərli və başqa gənc rəssamların əsərlərinə maraqla baxırlar.
Sərgidə gənc sənətçilər ustad dərslər də keçir, öz qabiliyyətlərini nümayiş etdirirlər.