ELM VƏ TƏHSİL
Azərbaycan alimləri Eskişehirde keçirilən beynəlxalq simpoziumda iştirak edirlər
![Azərbaycan alimləri Eskişehirde keçirilən beynəlxalq simpoziumda iştirak edirlər](/files/2013/3/1200x630/14071450612012312004_1200x630.jpg)
Eskişehir, 23 oktyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun alimləri Eskişehir şəhərində Türkiyə Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş beynəlxalq simpoziumda iştirak edirlər. Avropa və Asiyanın 14 ölkəsindən gəlmiş 80 elm adamının qatıldığı tədbirin təşkilatçıları Atatürk Araşdırma Mərkəzi (ATAM), Eskişehir Türk Dünyası Agentliyi və Osmanqazi Universitetidir.
Simpoziumun açılışında çıxış edən ATAM-ın sədri, professor Məhmət Əli Beyhan, Eskişehir valisi Azim Tuna, Osmanqazi Universitetinin rektoru, professor Həsən Gönen, Atatürk Yüksək Tarix, Dil və Kültür Kurumunun sədri Dərya Örs bildirmişlər ki, 90 illik tarixi olan Türkiyə Cümhuriyyətinin keçdiyi yola dost və qardaş ölkələrin tarixçi alimləri ilə birlikdə nəzər salınması əlamətdar bir hadisədir. Bu simpoziumda təqdim olunacaq məruzələr, eyni zamanda həmin ölkələrin tarixinin də araşdırılması baxımından böyük əhəmiyyətə malikdir.
Sonra simpozium işini bölmələrdə davam etdirmişdir. Türkiyə və Azərbaycan əlaqələrinin tarixinə həsr olunmuş bölmədə AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudovun başçılıq etdiyi nümayəndə heyətimiz və türkiyəli tarixçilər hazırladıqları məruzələri təqdim etmişlər.
Professor Musa Qasımlının “Qars konfransından əvvəl Türkiyənin Cənubi Qafqaz siyasətinə Sovet Rusiyasının mövqeyi”, dosent Kəmalə Ələkbərovanın “Azərbaycan və Türkiyə cümhuriyyətləri qurulduğu ilk illərdə”, professor Betül Aslanın “Türkiyə Böyük Millət Məclisi hökumətinin ilk diplomatik təmsilçiliyi və fəaliyyəti: Mümduh Şevket bəyin Bakı təmsilçiliyi” və digər məruzələrdə iki qardaş ölkə cümhuriyyətlərinin yaranması şəraitində qarşılıqlı yardımlar, problemlər və beynəlxalq vəziyyət əksini tapmışdır.
Simpozium işini davam etdirir. Oktyabrın 24-də keçiriləcək bölmə iclaslarında professor Ədalət Tahirzadənin “Türkiyə ordusunun iki azərbaycanlı generalı”, professor Tofiq Mustafazadənin “Türkiyə Cümhuriyyətinin qurulduğu illərdə Türkiyə-Azərbaycan əlaqələri”, professor Yaqub Mahmudovun “Azərbaycan tarixinin quruculuq dönəmi”, dosent Sevinc Əliyevanın “Cənubi Qafqazda milli azadlıq mübarizəsi və türk xarici siyasəti” mövzusunda məruzələri təqdim olunacaqdır.
Simpozium oktyabrın 24-də başa çatacaqdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Eskişehir