AZƏRBAYCAN-ALMANİYA PARLAMENTLƏRARASI İŞÇİ QRUPUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, mayın 2-də Bavariya parlamentinin deputatları Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşmüşlər.
Milli Məclisin tarixi barədə qonaqlara məlumat verən qrupun üzvü, deputat Asim Mollazadə demişdir ki, 90 il əvvəl yaranan Azərbaycan parlamenti həm demokratikliyi, həm də çoxpartiyalılığı ilə nəinki Şərqdə, eləcə də Qərbin bir çox ölkələrinin parlamentlərindən fərqlənmişdir. Müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında parlament mühüm rol oynamışdır.
Prezident İlham Əliyevin Almaniyaya səfərinin, eləcə də dövlət, hökumət və parlamentlər səviyyəsində qarşılıqlı səfərlərin əhəmiyyətindən danlışan A.Mollazadə, dövlətimizin başçısının səfəri zamanı imzlanmış sənədlərin əlaqələrimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaratdığını xüsusi vurğulamışdır. Bildirmişdir ki, ölkəmiz, aparılan məqsədyönlü və uğurlu siyasət nəticəsində BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər mötəbər beynəlxalq təşkilatların üzvüdür. Azərbaycan Avropa İttifaqının yeni qonşuluq siyasətində və NATO-nun proqramlarında çox fəal iştirak edir. İqtisadi inkişafına görə regionda lider dövlət olmaqla yanaşı, Azərbaycan dünyanın qabaqcıl ölkələri ilə bir sıradadır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, Bakı-Axalkalaki-Qars dəmir yolu, Nabukko layihəsindəki fəal iştirakımız, Azərbaycanın Avropa enerji təhlükəsizliyində fəal rol oynamasına imkan yaratmışdır.
Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın problemin ədalətli həllindəki mövqeyi barədə məlumat verilmiş, bu problemin təkcə region üçün deyil, bütövlükdə Avropanın təhlükəsizliyinə ciddi təhdid olduğu diqqətə çatdırılmışdır.
Bavariya parlamentinin dövlət büdcəsi və maliyyə məsələləri üzrə komissiyasının sədri, nümayəndə heyətinin rəhbəri Manfred Ax Azərbaycana səfərdən məmnun qaldığını bildirmişdir. Qonaq demişdir ki, Bavariya parlamenti dünyanın ayrı-ayrı ölkələri və şəhərləri ilə müstəqil sıx əlaqələr qurur. Bu da təkcə Bavariya kimi bölgələrin deyil, bütövlükdə ölkələr arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Azərbaycana səfərdən məqsəd də ayrı-ayrı sahələr üzrə əməkdaşlığa dair danışıqlar aparmaqdır.
Sonra görüşdə Azərbaycan ilə Almaniya arasında münasibətlərə dair fikir mübadiləsi aparılmış, əlaqələrimizin mövcud durumu yüksək qiymətləndirilmiş və əməkdaşlığımızın bundan sonra da genişləndirilməsinin və möhkəmləndirilməsinin vacibliyi vurğulanmışdır.