İDMAN
Azərbaycan avarçəkənləri 2011-ci ildə ölkəmizə 22 medal və 4 lisenziya gətirmişlər
Bakı, 27 dekabr (AZƏRTAC). Azərbaycan Milli Avarçəkmə Federasiyası akademik, kayak və kanoe qayıqlarında idmançılarımızın 2011-ci ildə xaricdə keçirilmiş yarışlarda göstərdikləri nəticələrin statistikasını təqdim etmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan avarçəkənləri 2011-ci ildə xaricdə keçirilmiş yarışlarda 22 medal və 2012-ci il London Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanmışlar. Medallardan 18-i kanoe, 4-ü isə akademik qayıqlarda avarçəkənlərin payına düşmüşdür. 2011-ci ildə kanoeçilərimiz böyüklər arasında keçirilmiş dünya çempionatında 1 qızıl, 3 gümüş, Avropa çempionatında 2 qızıl, 1 gümüş, Dünya Kubokunun mərhələ yarışlarında 2 qızıl, 4 gümüş, 1 bürünc medala sahib olmuşlar. Bu medallara Valentin Demyanenko, Sergey Bezuqlıy-Maksim Prokopenko dueti və Andrey Kraytor yiyələnmişdir.
Bundan başqa, Kraytor 23 yaşadək kanoeçilər arasında Avropa çempionatının qızıl və gümüş medallarına, eləcə də beynəlxalq reqatanın qızıl medalına da sahib olmuşdur. Aleksey Kupin və İqor Delistianovdan ibarət yeniyetmə kanoeçi duetimiz isə beynəlxalq reqatada gümüş medalla fərqlənmişdir.
Akademik avarçəkənlərimiz isə 4 medalı yeniyetmələr arasında Avropa çempionatında və beynəlxalq reqatalarda qazanmışlar. Bu medallardan 3-nə 17 yaşlı Boris Yotov sahib olmuşdur. B.Yotov qitə birinciliyində gümüş, 2 beynəlxalq reqatada qızıl və gümüş medallar əldə etmişdir. Yeganə bürünc medal isə Qardaşxan Hüseynli-Kamal Xanlarov duetinin aktivində olmuşdur.
Kanoeçilərimiz və akademik avarçəkənlərimiz London olimpiadasına hərəyə 2 lisenziya qazanmışlar. Kanoeçilərimizdən Valentin Demyanenko və Sergey Bezuqlıy-Maksim Prokopenko dueti, akademik avarçəkənlərimizdən isə Aleksandr Aleksandrov və Nataliya Mustafayeva bu vəsiqələrə yiyələnmişlər.