İQTİSADİYYAT
Azərbaycan BMT-nin Dövlət Xidməti Forumunda təmsil olunur
Bakı, 25 iyun (AZƏRTAC). Bəhreynin Manama şəhərində BMT-nin Dövlət Xidməti Forumu keçirilir.
Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə beynəlxalq tədbirdə iştirak edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 27-dək davam edəcək forum “Elektron hökumət və innovasiyalara transformasiya: hər kəs üçün daha gözəl gələcək yaratmaq” mövzusuna həsr olunmuşdur.
Forum çərçivəsində Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq BMT-nin sosial inkişaf, iqtisadi artım və ətraf mühitin qorunmasını təmin etmək məqsədi ilə dövlət idarəçiliyində innovasiyalarla bağlı təcrübə və fikir mübadiləsi aparılacaqdır.
Tədbirin təşkilatçıları BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti, Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyası və Gender Bərabərliyi və qadınların səlahiyyətinin artırılması üzrə qurumu, eyni zamanda, Bəhreyn hökumətidir.