İDMAN
Azərbaycan boksçuları Bolqarıstanda üç medal qazanıblar
Bakı, 2 mart, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində Azərbaycan milli komandası üç medal qazanıb.
AZƏRTAC xəbər verir ki, kişilərin yarışında mübarizə aparan Elvin İsayev (60 kq) həlledici görüşdə Ermənistan boksçusu Samvel Barseqyanı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər boksçumuz Lorenzo Sotomayor (64 kq) da komanda yoldaşının uğurunu təkrarlayıb. Milli komandamızın üzvü finalda özbəkistanlı Faziliddin Qaibnazarov üzərində inamlı qələbə qazanıb.
Qadınların yarışında çıxış edən Yelena Vıstropova (64 kq) isə gümüş medalla kifayətlənib. Avropa çempionu finalda İsveç nümayəndəsi Aqnes Aleksiussona məğlub olub.
Otuz beş ölkədən 221 boksçunun mübarizə apardığı turnir Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq xarakteri daşıyıb.
Sofiyada ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil edib.