İDMAN
Azərbaycan bölgələrində “Fəal ailəm, sağlam aləm” proqramının zona ailəvi idman yarışları olub
Bakı, 18 noyabr, AZƏRTAC
Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə həyata keçirdiyi “Fəal ailəm, sağlam aləm” (FASA) proqramı çərçivəsində Mingəçevir və Qax Olimpiya İdman komplekslərində zona ailəvi idman yarışlarının təsnifat mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, idmanyönümlü şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət yarışlara 17 rayonu təmsil edən 51 nəfərdən ibarət ailələr qatılıb.
Yarışda çıxış edən MOK-un məsul əməkdaşı, beynəlxalq dərəcəli hakim Vaqif Əliyev Azərbaycanda Olimpiya hərəkatından, FASA proqramının tarixindən və belə sosialyönümlü idman proqramlarının ölkəmizdə bədən tərbiyəsi və idmanın kütləviləşməsinə təsirindən danışıb. V.Əliyev xüsusi ictimai əhəmiyyətə malik belə tədbirlərin təşkilində göstərdikləri dəstəyə görə yerli dövlət orqanlarına, Olimpiya İdman komplekslərinin rəhbərliyinə və kollektivlərinə dərin təşəkkürünü bildirib.
Sonra oyunlara start verilib. Zona təsnifat yarışının Mingəçevir bölgəsi üzrə qalibi Şəmkir komandası olub. İkinci yerdə Yevlax, üçüncü yerdə isə Gəncə kollektivləri qərarlaşıb. Qax bölgəsi üzrə isə qaliblər İsmayıllı, Zaqatala və Qəbələ təmsilçiləri olublar.
Yarışın qalibləri qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılıb.
Tədbirə dəstək üçün qatılan gənc incəsənət ustalarının çıxışı yarış həyəcanını daha da artırıb.
Qalib ailələr dekabrın 20-də Bakıda keçiriləcək final turnirində güclərini sınayacaqlar.