Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin ilk ümumi yığıncağı keçirilib
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin ilk ümumi yığıncağı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbiri cəmiyyətin sədri, akademik Validə Əlizadə açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb. O, birliyin Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınması ilə bağlı işlərin yekunlaşdığını və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyi adının təsdiq olunduğunu söyləyib. Qeyd edib ki, cəmiyyətin nizamnaməsi ikinci redaksiyada dövlət qeydiyyatına alınıb və təsisçi tərkibi dəyişib.
Yığıncaqda cəmiyyətin məsul katibi, AMEA-nın professoru Dilzarə Ağayeva üzvlük vəsiqəsinin formasını təqdim edib və üzvlüyə qəbul üçün müəyyən olunan qaydalar barədə məlumat verib.
İclasda cəmiyyətin fəaliyyət istiqamətinə uyğun olaraq illik yığıncaqların keçirilməsi, onun rəsmi internet səhifəsinin yaradılması və çap işlərinin formatı ilə bağlı müzakirələr aparılıb.
AMEA-nın müxbir üzvü Elşad Qurbanov, biologiya elmləri doktorları Aydın Əsgərov, Eldar Novruzov, Vahid Fərzəliyev, Səyyarə İbadullayeva, biologiya üzrə fəlsəfə doktorları Esmira Əlirzayeva və Rəşad Səlimov regionlarda gənc mütəxəssislərin inkişafına dəstək üçün tədbirlərin təşkili və onların layihələrə cəlb edilməsi, həmçinin bitki müxtəlifliyinin qorunması məqsədilə əhali üçün maarifləndirici seminarların və botaniki turların keçirilməsi məsələləri ilə bağlı təklif və tövsiyələrlə çıxış ediblər.
Sonda gündəlikdəki məsələlərlə bağlı qərar qəbul olunub.