SİYASƏT
Azərbaycan Cənubi Qafqazda çox əhəmiyyətli mövqeyə malikdir
Bakı, 9 yanvar (AZƏRTAC). Azərbaycanda səfərdə olan Finlandiya parlamentinin nümayəndə heyətinin üzvləri yanvarın 9-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşmüşlər.
AZƏRTAC xəbər verir ki, görüşdə Z.Əsgərov finlandiyalı qonaqlara Milli Məclisin yaranma tarixi, fəaliyyəti, strukturu və beynəlxalq əlaqələri barədə ətraflı məlumat vermişdir.
İkitərəfli əlaqələrə toxunan Z.Əsgərov demişdir ki, ölkələrimiz arasındakı münasibətlərin inkişafı üçün geniş imkanlar vardır və ümid edirik ki, sizin bu səfəriniz parlamentlərarası əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcəkdir. Qeyd olunmuşdur ki, Avropaya uğurla inteqrasiya edən Azərbaycan Finlandiya ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Milli Məclis sədrinin birinci müavini qeyd etmişdir ki, Ermənistanın 20 ildən çoxdur ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə münaqişənin sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul etmişdir. Lakin Ermənistan bu qətnamələrin heç birinə əməl etmir. Z.Əsgərov finlandiyalı deputatları münaqişənin həlli istiqamətində ölkəmizin haqq işini dəstəkləməyə çağırmışdır.
Azərbaycanın Cənubi Qafqazda çox əhəmiyyətli mövqeyə malik olduğunu vurğulayan Finlandiya parlamentinin deputatı İlkka Kanerva 2008-ci ildə Bakıya səfər etdiyini, ötən müddət ərzində ölkəmizdə sürətli inkişaf proseslərinin getdiyini vurğulamışdır.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artığını qeyd edən İ.Kanerva ölkələrimizin parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətindən danışmışdır.
Qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmasının vacibliyini qeyd etmişdir.