CƏMİYYƏT
Azərbaycan diasporu Pyatiqorskda keçirilən “Şəhər Günü”ndə fəal iştirak edib
Bakı, 12 sentyabr, AZƏRTAC
Rusiyanın Pyatiqorsk şəhərinin yaradılmasının 242 illiyinə həsr olunmuş “Şəhər Günü” bayram şənliyində Azərbaycan diasporu fəal iştirak edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin Pyatiqorskdakı sədri Təhmasib Zeynalovun rəhbərliyi ilə təşkil olunan Azərbaycan guşəsində ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini və adət-ənənələrini əks etdirən kitablar, jurnallar, milli alətlər, suvenirlər və mətbəx nümunələri nümayiş etdirilib.
Azərbaycan guşəsini ziyarət edənlər arasında şəhərin başçısı Dmitri Voroşilov, yerli dumanın sədri Lyudmila Poxilko, Stavropol diyarının, Dağıstan, Çeçenistan və digər respublikaların rəsmi şəxsləri olub.
Rəsmi qonaqlara şəhərin 242 illiyi münasibətilə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təbrik məktubu təqdim edilib. Dmitri Voroşilov bu əlamətdar tarixə Diasporla İş üzrə Dövlət Komitəsinin göstərdiyi diqqətə görə minnətdarlığını bildirib, Azərbaycan icmasının şəhərin ictimai-siyasi və humanitar sahələrinə töhfələrini yüksək qiymətləndirib.
Tədbir zamanı ziyarətçilərə ölkəmiz haqqında məlumat verilib, Azərbaycan rəqsləri və milli mətbəximizin nümunələri təqdim olunub.