MƏDƏNİYYƏT
AZƏRBAYCAN DİASPORUNUN FƏAL ÜZVÜNƏ “FƏXRİ ZİYALI” DİPLOMU VERİLMİŞDİR
Respublika Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin abidəsinin açılış mərasimindən sonra soydaşlarımızla keçirdiyi görüşdə Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi ilə bağlı tövsiyələrini bildirmişdi. Bəs ötən dövr ərzində bu sahədə hansı işlər görülmüşdür? Bu günlərdə tanınmış alim, Rusiya Federasiyasının əməkdar həkimi, Rusiya Nevrocərrahiyyə İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru, professor Rauf Qasımovla Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (AKTA) keçirilən görüşdə bütün bunlar barədə ətraflı söhbət getmişdir. Respublika Ziyalılar Cəmiyyətinin prezidenti, AKTA-nın rektoru, akademik Məmmədtağı Cəfərov həmyerlimizi iştirakçılara təqdim etdikdən sonra Rauf Qasımov Sankt-Peterburqda fəaliyyət göstərən “Nizami” mədəniyyət mərkəzində və eləcə də Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətində görülən işlər barədə ətraflı məlumat verdi.
Akademiyanın alimləri, ziyalıların nümayəndələri çıxış edərək, tanınmış elm xadiminə gələcək elmi və ictimai fəaliyyətində uğurlar arzuladılar.
Elmdə qazandığı uğurlara, Azərbaycan həqiqətlərinin təbliği sahəsindəki fəaliyyətinə görə professor Rauf Qasımova Respublika Ziyalılar Cəmiyyətinin “Fəxri ziyalı” diplomu təqdim olundu.