Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
Ankara, 7 avqust, AZƏRTAC
Türkiyənin Malatya vilayətində 2023-cü ilin fevral ayında baş verən zəlzələlər nəticəsində dağıdılmış məşhur arxeoloji muzey bərpa edilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy kolleksiyasında Fəratın yuxarı hissəsi sakinlərinin minilliklər boyu davam edən mədəniyyətindən nadir eksponatlar olan muzeyin bərpa işlərindən sonra açılacağını elan edib.
“Ümumi sahəsi 1350 kvadratmetr olan arxeoloji muzey avqustun 8-də açılacaq. Malatya sakinləri və şəhərin qonaqları Anadolunun əsrlər boyu davam edən tarixi ilə tanış olmaq imkanı əldə edəcəklər”, - deyə Ersoy bildirib.
Nazir muzeyin içərisində UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan məşhur Arslantəpə kurqanında qazıntı zamanı aşkar edilən tapıntıların nümayiş olunduğu bölmənin yaradılmasına diqqət çəkib.
Arslantəpə kurqanı Fərat çayından 12 kilometr cənub-qərbdə yerləşən 30 metr hündürlüyündə arxeoloji ərazidir. Ərazidəki arxeoloji tapıntılar eramızdan əvvəl VI minilliyin sonlarından Roma imperiyasının son dövrünə qədər olan məskunlaşmanı göstərir.