Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, rejissor və prodüser Türkan Hüseynin “Xatırladığını eşit” tammetrajlı bədii film layihəsi Rotterdam Beynəlxalq Film Festivalının Hubert Bals Fondu tərəfindən Ssenari İnkişaf Dəstəyi (Bright Future) proqramına layiq görülüb.
AZƏRTAC-ın müxbiri ilə söhbətində Türkan Hüseyn bildirib ki, layihə bundan əvvəl də bir sıra nüfuzlu beynəlxalq proqramlarda iştirak edib. Belə ki, film layihəsi Fransa İnstitutunun Fransanın Milli Kino və Animasiya Mərkəzi (CNC – Centre national du cinéma et de l’image animée) ilə birgə həyata keçirdiyi Türkiyə və Qafqaz ölkələri üzrə Kann pitçinq proqramına, eləcə də Torino Film Lab laboratoriyasına seçilərək inkişaf etdirilib.
Rejissorun sözlərinə görə, “Xatırladığını eşit” filmi qətl işi üzrə məhkəmədə həlledici şahid olmuş bir qadının yaddaşında basdırılmış hadisəni yenidən üzə çıxarmaq cəhdindən bəhs edir. Film həqiqət, yaddaş və manipulyasiya kimi mürəkkəb mövzuları araşdırır.
“2025-ci ildə Fransa İnstitutunun CNC ilə birgə təşkil etdiyi proqram çərçivəsində Türkiyə və Qafqaz ölkələrindən film layihələri seçilirdi. İştirakçılar Kann Film Festivalında keçirilən pitçinq sessiyalarına qatılır, fransız prodüserlərlə görüşlər keçirirdilər. Mən də bu proqrama müraciət etdim. Seçim prosesi üçün geniş sənədlər tələb olunmurdu – sinopsis, layihə ideyası və rejissor haqqında qısa məlumat kifayət idi. Layihəm seçildi və bu onun beynəlxalq kino mühitində tanıdılması və inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli addım oldu”, – deyə Türkan Hüseyn qeyd edib.
O bildirib ki, daha sonra Torino Film Lab laboratoriyasına müraciət edib və layihəsi burada da uğur qazanıb. Mentorlar arasında yer alan Jeremy Dubois tərəfindən verilən rəylərin layihənin inkişafında mühüm rol oynadığını vurğulayan rejissor həmin tövsiyələr əsasında filmin tritmentini yenidən işləyib.
“Daha sonra Hubert Bals Fund proqramına müraciət etdik. Kann pitçinq proqramı zamanı Türkiyədən prodüser Fəxriyyə İsmayılova (Parda Film) layihə ilə tanış oldu və ko-prodakşn tərəfdaşı kimi əməkdaşlıq etmək istədiyini bildirdi. Beləliklə, layihənin ilkin mərhələsində Azərbaycan-Türkiyə kino əməkdaşlığı formalaşdı”, – deyə o əlavə edib.
Türkan Hüseynin sözlərinə görə, Hubert Bals Fund üçün layihə dosyesi hazırlanıb, yenilənmiş tritment və mood-video ilə müraciət edilib. Nəticədə layihə Ssenari İnkişaf Dəstəyi proqramına seçilib: “Hazırda əsas məqsədimiz layihəni yalnız Azərbaycan-Türkiyə əməkdaşlığı ilə məhdudlaşdırmamaq, gələcək mərhələlərdə digər ölkələrin də layihəyə qoşulmasına imkan yaratmaqdır. Beynəlxalq ko-prodakşnlar filmin daha geniş auditoriyaya çatmasına, eyni zamanda Azərbaycan kinosunun beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verir”.
O qeyd edib ki, hazırda “Xatırladığını eşit” layihəsi inkişaf mərhələsindədir. Bu mərhələdə əsas diqqət ssenarinin təkmilləşdirilməsinə, filmin konseptual xəttinin daha da formalaşdırılmasına və müəllif baxışının dəqiqləşdirilməsinə yönəlib.