ELM VƏ TƏHSİL
Azərbaycan dili fənni üzrə test tapşırıqları müzakirə olunmuşdur
Bakı, 26 dekabr (AZƏRTAC). Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili (rus bölməsində) fənləri üzrə elmi-metodiki seminar keçirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, seminarda bu il ali məktəblərə birinci ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan dili fənnindən istifadə edilmiş test tapşırıqları (A variantı, 1-25) və rus bölməsində Azərbaycan dili fənni üzrə model test tapşırıqları müzakirə olunmuşdur.
Bakı və Sumqayıt şəhərlərindən orta və ali məktəb müəllimləri, metodistlər, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan, Şəki, Gəncə regional bölmələrində müvafiq fənn müəllimləri də onlayn rejimində internet vasitəsilə test tapşırıqları barədə fikirlərini açıqlamışlar.
Birinci ixtisas qrupu üzrə Azərbaycan dili fənnindən test tapşırıqlarının dərsliklərə və müvafiq qəbul proqramına tam uyğun olduğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verdiyi təsdiqlənmişdir.