ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində “İtalyan dili həftəsi” keçirilir
Bakı, 16 oktyabr (AZƏRTAC). Oktyabrın 16-da Azərbaycan Dillər Universitetində (ADU) XII Dünya italyan dili həftəsinə start verilmişdir.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, tədbir İtaliyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunmuşdur.
İtaliyanın ölkəmizdəki səfiri Mario Corco Stefano Baldi tədbirdə çıxış edərək öz ölkəsi ilə Azərbaycan arasında münasibətlərin inkişafından, o cümlədən təhsil və mədəniyyət sahələrindəki əməkdaşlığın əhəmiyyətindən danışmışdır. ADU ilə İtaliyanın ali təhsil ocaqları arasında yaxşı əlaqələrin qurulduğunu diqqətə çatdıran diplomat bu münasibətlərin gələcəkdə də artan temp üzrə inkişaf edəcəyinə əminliyini bildirmişdir.
M.Baldi bu cür tədbirlərin italyan dilinə olan marağın artmasında önəmli rol oynadığını vurğulamış, Milan Dil Məktəbinin professoru, Silvia Vassalonu tədbir iştirakçılarına təqdim etmişdir.
Bildirilmişdir ki, S.Vassalo tərcüməçiliklə yanaşı, pedaqoq kimi də fəaliyyət göstərir. Professorun italyan dilinin incəliklərini öyrənən tələbələrə tərcümə peşəsinin sirlərindən bəhs edən seminarlar keçəcəyi diqqətə çatdırılmışdır.
On ikinci Dünya italyan dili həftəsi çərçivəsində keçiriləcək tədbirlərdən danışan səfir demişdir ki, bu gün İsveçrənin və İtaliyanın Azərbaycandakı səfirliklərinin birgə təşkilatçılığı ilə iki sənədli film nümayiş olunacaqdır. Oktyabrın 17-də isə ADU-nun italyan dili ixtisasında təhsil alan tələbələrlə İtaliya səfirliyinin əməkdaşları arasında futbol üzrə yoldaşlıq oyunu keçiriləcəkdir. Növbəti gün isə italyan rejissoru Emmanuel Krialezenin “Terraferma” filmi təqdim olunacaqdır. Oktyabrın 19-da digər bir italiyalı professor Maria Cuzeppina Karbona italyan dilinin dialektlərindən tələbələrə seminar keçəcəkdir. “İtalyan dili həftəsi”nə həmin gün ADU tələbələrinin italyan dilində hazırladıqları tamaşanın nümayişi ilə yekun vurulacaqdır.
Sonra professor S.Vassalo ADU-nun tərcümə fakültəsinin italyan dili ixtisasında təhsil alan tələbələrə seminar keçmişdir. O, seminarda tərcüməçilik peşəsinin xüsusiyyətləri, dillər arasında oxşar və fərqli cəhətlərdən danışmışdır.
İtaliyalı professorun seminarları oktyabrın 19-dək davam edəcəkdir.