AZƏRBAYCAN DİPLOMATİK AKADEMİYASI 2009-CU İLİN SONUNADƏK BİRİLLİK MAGİSTR PROQRAMI YARADACAQDIR
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 15-də xarici işlər nazirinin müavini, XİN-in Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev rəhbərlik etdiyi təhsil ocağının fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında məlumat vermişdir.
H.Paşayev bildirmişdir ki, Azərbaycan Diplomatik Akademiyasında cari ilin yanvarında yaradılan Tədqiqat Mərkəzinin məqsədi dövlət siyasətinin folmalaşmasına yardım göstərmək, dövləti yüksək səviyyəli tədqiqat materialları ilə təmin etməkdir.
Rektor vurğulamışdır ki, hazırda akademiyanın qarşısında iki məqsəd qoyulmuşdur. Birincisi, mövcud diplomatlara xarici siyasət barədə təlim-təhsil işlərini öyrətmək üçün proqramın hazırlanmasıdır. Proqram çərçivəsində yeni diplomatlar üçün 2007-ci ilin iyun-dekabr ayları ərzində altı aylıq kurs keçirilmiş və 24 əməkdaş hazırlanmışdır. Digər məqsəd - birillik magistr proqramı yaratmaqdır ki, bu proqram da 2009-cu ilin sonunadək hazırlanacaqdır. Proqramın ilk olaraq 25-50 tələbə ilə başlanması planlaşdırılır. Sonradan isə tələbələrin sayı 250-yə çatdırılacaqdır.
H.Paşayev demişdir ki, akademiya müəllimlərin hazırlanması üçün də işlər görmək niyyətindədir. Bu proqramı həyata keçirmək üçün xarici ölkələrdən professor və müəllimlər dəvət etməyə ehtiyac olacaqdır.
Bildirilmişdir ki, Tədqiqat Mərkəzinin Məsləhət Şurası da yaradılmışdır. Şuranın tərkibinə nüfuzlu təhsil ocaqlarının professorları, alimləri daxildir.
Məsləhət Şurasının tərkibinə nüfuzlu Amerika və Avropa mütəxəssislərinin daxil olmasını yüksək qiymətləndirən H.Paşayev təlim proqramlarına diplomatlarla yanaşı, digər qurumların nümayəndələrinin də cəlb edildiklərini demişdir.
Akademiyanın Tədqiqat Mərkəzinin rəhbəri, tanınmış ABŞ politoloqu Pol Qobl isə demişdir ki, işlədiyi müddətdə gənc diplomatlara analitik işi düzgün aparmağı və yazmağı öyrədəcəkdir. Xüsusi vurğulanmışdır ki, Diplomatik Akademiya Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatıdırılması istiqamətində fəaliyyətini gücləndirəcəkdir.
Akademiyanın Tədqiqat Mərkəzi ayda iki dəfə Azərbaycan və regiona dair məqalələrdən ibarət olan “Azərbaycan dünyada” adlı elektron jurnal hazırlayır. Jurnal regionda marağı olan 5000-dən çox beynəlxalq tədqiqat institutlarına göndərilir. Mərkəz həmçinin “Müasir diplomatiya və konsulluq hüququ” kitabını da nəşr etmişdir.
######
