Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası Avropa çempionatının dörddəbir final mərhələsinə adlayıb
Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən futzal üzrə ölkə birinciliyinin qalibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ilk dəfə olaraq Xorvatiyada tələbələr arasında keçirilən futzal üzrə Avropa çempionatında ölkəmizi təmsil edir.
AZƏRTAC xəbər verir ki, Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.
Komandamız ilk oyunda Finlandiya komandasına 2:3 hesabı ilə məğlub olmasına baxmayaraq, sonrakı oyunlarda İngiltərəni 10:2, reytinqdə birinci yerdə olan Portuqaliyanı 3:1 və güclü Norveç kollektivini 9:4 hesabı ilə məğlub edərək qrup birincisi kimi dörddəbir finala vəsiqə qazanıb.