Ukraynanın Krivoy-Roq şəhərində 28 May - Müstəqillik Günü qeyd edilib
Kiyev, 27 may, AZƏRTAC
Azərbaycanın Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy-Roq şəhərindəki diasporu 28 May - Müstəqillik Günü ilə bağlı tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbiri Ukrayna Azərbaycanlıları Radasının Krivoy-Roq şəhər təşkilatı keçirib.
Tədbirdə çıxış edən Krivoy-Roq şəhərində Azərbaycan diasporunun rəhbəri Kəmaləddin Ağayev bildirib ki, ən çox hava hücumlarına məruz qalan şəhərlərdən biri olan Krivoy-Roqda Müstəqillik Gününün qeyd olunması Ukraynada yaşayan soydaşlarımızın birliyinin, dövlətçiliyimizin xarici ölkələrdə təbliğinin göstəricisidir. Müstəqillik Günü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün ərazisində, o cümlədən də işğaldan azad olunmuş torpaqlarında qeyd edilir.
Tədbirdə şəhər merinin vəzifəsini icra edən Yuri Vilkul deyib ki, Azərbaycan diasporu Krivoy-Roq şəhərinin ictimai həyatında fəal rol oynayır. Azərbaycan dövləti müharibə şəraitində olan Ukrayna xalqına humanitar dəstəyi əsirgəmir.
Qeyd edək ki, Müstəqillik Günü ilə bağlı təşkil olunan konsertdə şəhər meriyasının rəhbərliyi, şəhər Şurasının deputatları, diaspor fəalları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Konsertdə Ukraynanın Xalq artisti Qurban Abbasov və ukraynalı müğənni Natalya Kudyaşova çıxış ediblər.