Nazirlik rəsmisi: Müasir suvarma sistemləri məhsuldarlığı iki dəfədən çox artırır
Düşənbə, 27 may, AZƏRTAC
Müasir suvarma sistemlərindən istifadə edilən sahələrdə məhsuldarlıq iki dəfədən çox artır.
AZƏRTAC xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev Düşənbədə keçirilən Dördüncü Beynəlxalq Yüksək Səviyyəli Su Konfransı çərçivəsində jurnalistlərə bildirib.
“Bu gün suyun ən vacib istifadəçilik sahəsi kənd təsərrüfatıdır. Onun inkişafını susuz təsəvvür eləmək mümkün deyil. Kənd təsərrüfatının intensiv inkişafı üçün mütləq şəkildə intensiv idarəedilən suvarma sistemlərindən istifadə olunmalıdır”, - deyə Tağıyev vurğuylayıb.
O bildirib ki, müasir suvarma sistemlərinin tətbiqi kənd təsərrüfatına fayda verəcək. su itkillərinin qarşısı alınacaq, torpaq resursları qorunacaq.
Firudin Tağıyevin sözlırinə görə, Azərbaycan hökuməti suvarma və su infrastrukturunun qurulması sahəsində ciddi nailiyyətlər əldə edib. 2020-ci ildən etibarən ölkədə Prezidentin müvafiq Sərəncamı ilə Dövlət Komissiyası fəaliyyət göstərir:“Bu komissiya çox koordinasiyalı bir sistemlə işləyir və Kənd Təsərrüfatı Nazirliyi daxil olmaqla digər qurumlar həmin komissiyanın üzvüdür. Su və suvarma infrastrukturu ilə bağlı bütün qərarlar bu komissiyanın nəzarətində həyata keçirilir. Yeni suvarma şəbəkələrinin və su anbarlarının qurulması prosesi artan sürətlə davam edəcək”.