Gürcüstan Prezidenti Qurban bayramı ilə əlaqədar Tbilisidəki Cümə məscidini ziyarət edib
Tbilisi, 27 may, AZƏRTAC
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili mayın 27-də Qurban bayramı münasibətilə Tbilisidəki Cümə məscidini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, məscidin qarşısında Gürcüstan Prezidentini Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev, Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev, eləcə də Türkiyənin, Türkmənistanın və digər müsəlman ölkələrinin Gürcüstandakı səfirləri və səfirliklərinin nümayəndələri, din xadimləri qarşılayıblar.
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze ölkədə dini icmalara göstərilən dövlət qayğısından danışıb, Qurban bayramının məziyyətlərindən söz açıb.
Prezident Mixeil Kavelaşvili müsəlmaları Qurban bayramı münasibətilə təbrik edib.
Prezident çıxışında deyib ki, Gürcüstan və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xüsusi əhəmiyyəti var. İki ölkə arasında əməkdaşlıq qarşılıqlı hörmət və tarixi bağlar üzərində qurulub.
Azərbaycana səfərlərini xatırladan Kavelaşvili deyib: “Azərbaycanı özünə doğma və qardaş dövlət kimi qəbul edirəm”.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında sülh, sabitlik və əməkdaşlıq regionda ümumi təhlükəsizlik mühitinin möhkəmlənməsinə xidmət edir.
O, həmçinin Gürcüstanda yaşayan azərbaycanlı icmanın ölkənin ayrılmaz hissəsi olduğunu vurğulayıb. Qeyd edib ki, azərbaycanlı icma nümayəndələrinin ictimai-siyasi proseslərdə iştirakı iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verir. Gürcüstanın müsəlman icması ölkənin inkişafına mühüm töhfə verir, ölkənin ictimai-siyasi həyatında, mədəniyyətinin, iqtisadiyyatının, incəsənətinin inkişafında mühüm rol oynayır.
“Gürcüstanın müsəlman vətəndaşlarını sülh, harmoniya, ümid və xeyirxahlığın qələbəsi bayramı olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm, onların bayram sevincinə qoşuluram. Hər bir ailəyə əmin-amanlıq, firavanlıq və sülh arzulayıram” - deyə, Mixeil Kavelaşvili sonda vurğulayıb.
Sonra Faiq Nəbiyev, Qərbi Gürcüstanın müftisi Adam Şantadze, Şərqi Gürcüstanın müftisi Etibar Eminov çıxış edərək dini icmalara göstərilən qayğıdan söz açıb, göstərilən qayğıya, təbrikə və xoş sözlərə görə minnətdarlıqlarını bildiriblər.
Tbilisidə Cümə məscidində Qurban bayramı münasibətilə keçirilən görüşdə Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə müsəlman icması tərəfindən simvolik hədiyyələr təqdim olunub.
Xətayi Əzizov