Qazaxda “Səməd Vurğun - 80” və “Yadıma düşdü” filmləri təqdim edilib
Qazax, 27 may, AZƏRTAC
Xalq şairi Səməd Vurğunun 120 illiyi Azərbaycanın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunmaqdadır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kinorejissor, ssenarist, sənədli kino ustası, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ziya Şıxlinskinin Xalq şairi Səməd Vurğunun xatirəsinə ekranlaşdırdığı “Səməd Vurğun - 80” və Xalq yazıçısı Yusif Səmədoğlunun xatirəsinə ekranlaşdırdığı “Yadıma düşdü” filmlərinin təqdimat mərasimi olub.
Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində Xalq şairinin və Xalq yazıçısının həyat və yaradıcılığından söz açılıb.
Qazax Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, kinorejissor, Əməkdar incəsənət xadimi Ziya Şıxlinski, ziyalılar, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, təhsil, mədəniyyət işçiləri, iştirak ediblər.
“Səməd Vurğun - Tədbirdə 80” və “Yadıma düşdü” filmləri nümayiş etdirilib.
Çıxış edənlər bildirib ki, əlli illik ömrünün otuz ilini ədəbi yaradıcılığa həsr edən Səməd Vurğun yüksək vətəndaşlıq poeziyasının əbədi yaşamaq hüququ qazanmış nümunələrini yaradıb.
Tədbirdə Gənc Aşıq Samir Cəlaloğlu Xalq şairi Səməd Vurğunun “Dağlar”, Aşıq Saqif Məzəmli isə şairin “Ala gözlər” şeirini saz ifasında səsləndiriblər.