Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər aqrar sahədə yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirir - RƏY
Bakı, 27 may, AZƏRTAC
Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsi ilə bağlı keçirdiyi son müşavirədə səsləndirdiyi əsas mesajlardan biri torpaqlardan səmərəli istifadə və məhsuldarlığın artırılması məsələsi oldu. Hesab edirəm ki, bu vurğu təsadüfi deyil. Çünki bu gün aqrar sektorun inkişafı artıq yalnız əkin sahələrinin genişləndirilməsi ilə deyil, mövcud resurslardan daha səmərəli, elmi əsaslarla və müasir yanaşmalar əsasında istifadə olunması ilə ölçülür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Dövlət Aqrar Universiteti Zoomühəndislik fakültəsinin dekan müavini Günel Əmiri söyləyib.
O bildirib ki, Azərbaycan kifayət qədər böyük aqrar potensiala malik ölkədir. İqlim müxtəlifliyi, münbit torpaq sahələri və zəngin kənd təsərrüfatı ənənələri bir çox məhsul üzrə ciddi rəqabət üstünlüyü qazandırır. Lakin müasir dövrdə əsas məsələ yalnız torpaq sahələrinin mövcudluğu deyil, həmin torpaqlardan nə dərəcədə səmərəli istifadə olunmasıdır.
“Bu gün bəzi hallarda eyni məhsullar müxtəlif regionlarda ənənəvi üsullarla əkilir. Halbuki torpağın tərkibi, su ehtiyatları, iqlim xüsusiyyətləri və məhsuldarlıq göstəriciləri mütləq nəzərə alınmalıdır. Məhz buna görə torpaq analizləri və elmi yanaşma artıq zərurətə çevrilib. Hər bölgədə hansı məhsulun daha səmərəli və iqtisadi baxımdan daha faydalı olmasının müəyyənləşdirilməsi ümumi məhsuldarlığa ciddi təsir göstərə bilər.
Digər mühüm məsələ su resurslarından düzgün istifadə edilməsidir. Hamımız bilirik ki, dünyada su ehtiyatları getdikcə daha strateji əhəmiyyət daşıyan məsələyə çevrilir və Azərbaycan da bu prosesdən kənarda deyil. Buna görə də müasir suvarma sistemlərinin tətbiqi, damcı suvarma texnologiyalarının genişləndirilməsi və su itkisinin minimuma endirilməsi əsas prioritetlərdən biri olmalıdır”, - deyə G.Əmiri vurğulayıb.
O əlavə edib ki, kənd təsərrüfatında rəqəmsallaşma və müasir texnologiyaların tətbiqi də xüsusi əhəmiyyət daşıyır. Bu gün dünyada peyk müşahidələri, aqrar xəritələşdirmə və rəqəmsal monitorinq sistemləri geniş istifadə olunur. Azərbaycanda da bu istiqamətdə atılan addımlar məhsuldarlığın artmasına, xərclərin azalmasına və idarəetmənin daha effektiv qurulmasına müsbət təsir göstərəcək.
“Hesab edirəm ki, yeni Dövlət Proqramında diqqət çəkən əsas məqamlardan biri aqrar sahəyə daha sistemli və uzunmüddətli yanaşmanın ortaya qoyulmasıdır. Burada söhbət yalnız cari problemlərin həllindən deyil, gələcək illər üçün dayanıqlı kənd təsərrüfatı modelinin formalaşdırılmasından gedir.
Əlbəttə, məhsuldarlığın artırılması təkcə iqtisadi məsələ deyil. Bu, eyni zamanda, kənd yerlərində məşğulluğun yüksəlməsi, insanların rifahının yaxşılaşması və regionların inkişafı deməkdir. Daha məhsuldar kənd təsərrüfatı həm daxili bazarın təminatı, həm də ixrac imkanlarının genişlənməsi baxımından ölkə iqtisadiyyatına ciddi töhfə verir.
Bu baxımdan düşünürəm ki, Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər aqrar sahədə yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirir. Əsas məqsəd daha səmərəli, daha müasir və rəqabətədavamlı kənd təsərrüfatı modelinin qurulmasıdır”,- deyə İctimai Şuranın üzvü bildirib.