Avropalı liderlər Rusiyaya məxsus dronun Rumıniyada yaşayış binasına çırpılmasını sərt şəkildə qınayıblar
Berlin, 29 may, AZƏRTAC
Avropalı liderlər Rusiyaya məxsus dronun Rumıniyanın şərqindəki Qalati şəhərində yaşayış binasına çırpılmasını sərt şəkildə qınayıblar.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta X platformasındakı paylaşımında qeyd edib: “Rusiyanın Avropa İttifaqı ərazisində eskalasiyanı artırması məsuliyyətsiz və təhlükəli addımdır. Rumıniyanın milli hava məkanının və beynəlxalq hüququn bu pozuntusunu ən sərt şəkildə pisləyirəm. Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar vasitəsilə təzyiqi artırmaqda və müdafiə imkanlarını, xüsusilə də şərq sərhədi boyunca daha da gücləndirməkdə vahid mövqe nümayiş etdirir”.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də X hesabında paylaşımında Rumıniyaya tam dəstək ifadə edib: “Bu hadisə Avropa İttifaqının ərazisində baş verib. Biz Rumıniya və onun xalqı ilə tam həmrəyik. Təhlükəsizliyimizi və çəkindirmə imkanlarımızı, xüsusilə də şərq sərhədimizdə daha da gücləndirməklə yanaşı, Rusiyaya qarşı təzyiqləri artırmaqda davam edəcəyik". U.Lyayen, həmçinin hazırda Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin hazırlanması üzərində iş aparıldığını vurğulayıb.
Finlandiya Prezidenti Aleksandr Stubb isə məsələnin NATO-nun gündəmində yer aldığını ifadə edib. O, X paylaşımında bu məsələnin NATO-nun birgə iclasında müzakirə olunacağını ifadə edib.
NATO-nun Baş katibi Mark Rutte X hesabındakı paylaşımında hadisə ilə əlaqədar Rumıniya Prezidenti Nikuşor Dan ilə telefon söhbəti apardığını bildirib. O, NATO-nun Rumıniya ilə tam və sarsılmaz həmrəyliyini bir daha təsdiqlədiyini ifadə edərək bildirib: “NATO müttəfiq ərazilərinin hər qarışını müdafiə etməyə hazırdır. Biz pilotsuz uçuş aparatlarından qaynaqlanan təhlükələr də daxil olmaqla, istənilən təhdidin qarşısını almaq və ona qarşı müdafiəni təmin etmək məqsədilə hazırlıq səviyyəmizi daha da gücləndirməyə davam edəcəyik”.
Aİ-nin ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas isə hadisənin Rumıniyanın suverenliyinin və Avropanın hava məkanının açıq və ciddi şəkildə pozulması olduğunu vurğulayıb. “Moskvanın Avropa hava məkanını cəzasız şəkildə pozmasına yol verilə bilməz. Avropa İttifaqının xarici işlər nazirləri dünən Rusiyaya təzyiqin artırılması, Ukraynaya dəstəyin gücləndirilməsi və Avropanın öz müdafiə hazırlığına daha çox sərmayə yatırılması ilə bağlı qəti öhdəliklərini bir daha təsdiqlədilər”.