Aqrar sektorda yeni mərhələ: Dövlət Proqramı hansı dəyişiklikləri vəd edir?
Bakı, 29 may, AZƏRTAC
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun növbəti mərhələdə daha sistemli və məqsədyönlü inkişafı baxımından mühüm sənəddir. Proqramın əsas üstünlüyü ondan ibarətdir ki, kənd təsərrüfatına yalnız məhsul istehsalı kimi deyil, istehsal, emal, saxlama, logistika, satış və ixracdan ibarət vahid dəyər zənciri kimi yanaşılır. Hazırda kənd təsərrüfatında əsas çağırışlardan biri məhsuldarlığın artırılmasıdır. Artıq aqrar inkişafı yalnız əkin sahələrinin genişləndirilməsi hesabına təmin etmək mümkün deyil. Mövcud torpaq və su resurslarından daha səmərəli istifadə olunmalı, müasir suvarma sistemləri genişləndirilməli, keyfiyyətli toxum və ting materiallarından istifadə artırılmalı, fermerlərin texnologiyaya və biliklərə çıxışı gücləndirilməlidir. Xüsusilə suvarma məsələsi bu gün aqrar sektor üçün strateji əhəmiyyət daşıyır. Dövlət Proqramında müasir suvarma sistemlərinin əhatə dairəsinin genişləndirilməsi, su ehtiyatlarından qənaətli istifadə və məhsuldarlığın yüksəldilməsi mühüm istiqamətlər kimi çıxış edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “Aqrar sektorun iqtisadi problemləri” şöbəsinin müdiri iqtisad elmləri doktoru Yunus Sadıqov deyib. O bildirib ki, proqramın digər vacib tərəfi emal sənayesinin inkişafıdır: “Kənd təsərrüfatı məhsulu xammal formasında satıldıqda onun yaratdığı gəlir məhdud olur. Amma həmin məhsul emal olunanda, qablaşdırılanda və bazara hazır məhsul kimi çıxarılanda əlavə dəyər artır. Bu, həm fermerlərin gəlirlərinə, həm də regionlarda yeni iş yerlərinin yaranmasına müsbət təsir göstərə bilər. Meyvə-tərəvəz, süd, ət, taxıl, balıqçılıq və akvakultura məhsullarının emalı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının müşavirədə verdiyi tapşırıqlar da göstərir ki, aqrar sahədə əsas məqsəd məhsuldarlığı yüksəltmək, ərzaq təhlükəsizliyini gücləndirmək, idxaldan asılılığı azaltmaq və qeyri-neft ixracını genişləndirməkdir. Bunun üçün suvarma infrastrukturu, müasir texnologiyalar, fermer maarifləndirilməsi, subsidiyaların səmərəliliyi, saxlama və logistika imkanları birlikdə inkişaf etdirilməlidir. Mövcud vəziyyətə baxdıqda kənd təsərrüfatında həm ciddi potensial, həm də həllini gözləyən məsələlər var. Azərbaycanın müxtəlif bölgələri taxılçılıq, pambıqçılıq, tərəvəzçilik, meyvəçilik, fındıqçılıq, üzümçülük, heyvandarlıq və balıqçılıq üzrə fərqli üstünlüklərə malikdir. Lakin bu potensialdan tam istifadə üçün regional ixtisaslaşma daha da gücləndirilməli, emal müəssisələri xammal bazalarına yaxın yaradılmalı, fermerlərin bazara çıxış imkanları yaxşılaşdırılmalıdır”.

Yunus Sadıqov qeyd edib ki, balıqçılıq və akvakultura sahəsinin ayrıca proqram çərçivəsində diqqətdə saxlanılması da müsbət haldır: “Bu sahə daxili bazarın təminatı, sağlam qidalanma, yeni sahibkarlıq imkanları və idxaldan asılılığın azaldılması baxımından əhəmiyyətlidir. Ümumilikdə, Dövlət Proqramının icrası nəticəsində kənd təsərrüfatında məhsuldarlığın artması, emal sənayesinin genişlənməsi, fermer gəlirlərinin yüksəlməsi, regionlarda məşğulluğun güclənməsi, yerli istehsalın artması və ərzaq təhlükəsizliyinin daha dayanıqlı təmin olunması gözlənilə bilər. Əsas məsələ proqramda nəzərdə tutulan tədbirlərin regionlarda ardıcıl, şəffaf və praktik şəkildə icra olunmasıdır. Əgər suvarma, texnologiya, emal, logistika və fermer maarifləndirilməsi istiqamətləri bir-biri ilə əlaqəli şəkildə həyata keçirilərsə, bu proqram Azərbaycanın aqrar sektorunda yeni inkişaf mərhələsinin əsasını qoya bilər”.