Daşkənddə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib
Bakı, 29 may, AZƏRTAC
Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun tabeliyindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May — Müstəqillik Günü münasibətilə təntənəli rəsmi qəbul keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, mərasimdə Özbəkistanın Baş nazirinin birinci müavini Açilbay Ramatov, Daşkənd şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət qurumları və parlament təmsilçiləri, ictimai, mədəni və işgüzar dairələrin nümayəndələri, media mənsubları, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bildirib ki, 28 May Azərbaycan xalqının dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olmaqla, milli özünüdərkin və müstəqil dövlət quruculuğu iradəsinin parlaq ifadəsidir. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-hüquqi irsi müasir Azərbaycan dövlətçiliyinin ideya əsaslarını formalaşdırmış, ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra mürəkkəb tarixi-siyasi sınaqlara baxmayaraq, suveren inkişaf yolunu inamla davam etdirmişdir.
Səfir vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılmış tarixi Zəfər və 2023-cü ildə tam təmin olunmuş suverenlik regionda yeni reallıqlar yaradıb, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri isə Azərbaycanın sülhə, sabitliyə və regional əməkdaşlığa sadiqliyini nümayiş etdirir.
Tədbir çərçivəsində Qərbi Azərbaycanın qədim memarlıq abidələri və dağıdılmış tarixi-mədəni irsinə həsr olunmuş sərgi də təqdim edilib. Bölgənin zəngin memarlıq ənənələrini və Azərbaycan xalqına məxsus tarixi izləri əks etdirən ekspozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sərgi zamanı ziyarətçilərə İrəvanın tarixən Azərbaycanın qədim şəhərlərindən biri olması və Qərbi Azərbaycanın tarixi-memarlıq irsi haqqında məlumat verilib.
Rəsmi qəbul çərçivəsində mədəni proqram da təqdim olunub. Azərbaycan xalqının zəngin mədəni irsini, milli ənənələrini və müasir inkişaf yolunu əks etdirən proqram iştirakçılar tərəfindən maraqla qarşılanıb.