Azərbaycan teatrı Kişineuda beynəlxalq festivalda təmsil olunub
Kişineu, 29 may, AZƏRTAC
Azərbaycanın Mədəniyyət Nazirliyi və ölkəmizin Moldovadakı səfirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası və rejissoru Aydan Həsənzadənin Jan Koktonun “Biganə yaraşıqlı” əsəri əsasında səhnələşdirdiyi “Biganə məşuq” tamaşası Kişineuda keçirilən XIV BITEI Beynəlxalq Teatr Festivalında nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşada Aydan Həsənzadə ilə yanaşı, aktyor Mirzə Ağa Mirzəyev də rol alıb.
Tədbirdə Azərbaycanla yanaşı Türkiyə, Rumıniya, Ukrayna, Gürcüstan, Cənubi Koreya, Kot-d’İvuar, Fransa və İspaniyanın müxtəlif teatrlarını təmsil edən aktyorlar da iştirak ediblər. Azərbaycan aktyorlarının çıxışı yerli tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb, Kişineunun mədəni həyatına rəng qataraq beynəlxalq mədəni dialoqun və teatr əlaqələrinin inkişafına töhfə verib.
Qeyd edək ki, BITEI 2026 beynəlxalq teatr festivalı müxtəlif ölkələrin teatr kollektivləri arasında yaradıcılıq mübadiləsinin genişlənməsinə, həmçinin milli teatr sənətinin beynəlxalq miqyasda tanıdılmasına mühüm töhfə verir.