Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Manifest” adlı sərgi açılıb
Bakı, 6 may, P.İmanova, AZƏRTAC
Mayın 6-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində 9 May - Qələbə Günü münasibətilə Arzu Mürvətovanın “Manifest” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə rəssam-fotoqrafın Böyük Vətən müharibəsi veteranlarının fotolarından ibarət 40-dan çox əsəri nümayiş olunur.
Tədbirdə çıxış edən Arzu Mürvətova bildirib ki, sərginin təşkilində məqsəd XX əsrin ən dəhşətli illərində əvəzsiz xidmətləri olmuş insanların fədakarlıqlarını cəmiyyətimizə və gələcək nəsillərə bir daha xatırlatmaqdır. Həmçinin müharibə şəraitində olan ölkəmizdə Böyük Vətən müharibəsi veteranlarının qəhrəmanlıq şücaətlərini gələcək nəslə ötürməkdir.
O diqqətə çatdırıb ki, üç ay müddətində Bakı və Sumqayıt şəhərlərində, eləcə də Masallı və Lənkəran rayonlarının bir neçə kəndində çəkilişlər aparıb, 56 qəhrəmanla görüşərək onların həyat hekayələrini və müharibə illərinə aid xatirələrini dinləyib. Mayın 10-dək muzey-sərgi kompleksində, sonra isə Bakı Metropoliteninin “Gənclik” stansiyasında nümayiş olunacaq sərgi Böyük Vətən müharibəsi veteranlarının tariximizdə qoyduğu qəhrəmanlıq izlərini ehtiva edir. Sərgi “Bakı Metropoliteni” ilə birgə layihə çərçivəsində reallaşıb.
Sərginin təşkilinə “Bakı Metropoliteni” QSC, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Fotoqrafları Birliyi, ADRA, Azərbaycan Rəssamlar İttifaqı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, “SUN Graphics” reklam və dizayn qrupu dəstək verir.
Mərasimdə çıxış edən Böyük Vətən müharibəsi veteranları keçdikləri döyüş yolu barədə xatirələrini bölüşüb, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğını yüksək dəyərləndiriblər. Bildirilib ki, veteranların qəhrəmanlıq şücaətlərinin gələcək nəslə ötürülməsində sərgi böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, Arzu Mürvətova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və ADRA-nın məzunudur. Hazırda ADRA-da doktorantura pilləsində təhsilini davam etdirir. 2008-ci ildən fotoqrafiya sənəti ilə həvəskar kimi məşğul olur, bir çox beynəlxalq, yerli müsabiqələrin iştirakçısı və qalibidir. 2013-cü ildən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin, 2014-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2016-cı ildən isə Azərbaycan Fotoqraflar Birliyinin üzvü, təşkilat komitəsinin qəbul üzrə koordinatorudur.