SİYASƏT
Azərbaycan Dövlət Teleqraf Agentliyi ilə İtaliyanın Multimedia Qrupu arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur
Bakı, 23 oktyabr (AZƏRTAC). Azərbaycana səfərə gələn İtaliyanın Multimedia Qrupunun prezidenti Pyero Di Paskal və onun tərəfdaşı Laura Korsiko oktyabrın 23-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AZƏRTAC-da) olmuşlar.
Görüşdə müasir dünyada ölkələr və xalqlar arasında münasibətlərin inkişaf etdirilməsində informasiyanın rolundan danışılmış, AZƏRTAC ilə İtaliyanın Multimedia Qrupunun əməkdaşlıq əlaqələrinin qurulması məsələləri müzakirə olunmuşdur.
Qonaqlara AZƏRTAC-ın yaranma tarixi, keçdiyi inkişaf yolu, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilmişdir. AZƏRTAC-ın tərəfdaşları olan İtaliyanın ANSA və AGİ agentlikləri ilə uğurlu əlaqələr qurulduğu bildirilmiş, ölkələrimizin informasiya qurumları arasında xəbər və təcrübə mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanmışdır.
Ətraflı məlumatdan məmnun qaldıqlarını bildirən qonaqlar da Azərbaycan ilə İtaliya xalqları arasında münasibətlərin daha da inkişafında informasiya sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd etmişlər.
Görüşdə AZƏRTAC ilə İtaliyanın Multimedia Qrupu arasında birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur.