Avstriyada Azərbaycanın biznes və investisiya potensialı təbliğ olunub
Vyana, 28 may, AZƏRTAC
Azərbaycanın biznes və investisiya potensialının təbliği məqsədilə Avstriyanın paytaxtı Vyana şəhərində “Azərbaycanda biznes və investisiya imkanları” mövzusunda təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfirliyi, Azərbaycanın Mərkəzi Avropada ölkələri üzrə ticarət nümayəndəsinin aparatı və Avstriya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutmuş tədbirdə Avstriyada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri, iş adamları, ticarət palatası və sənaye federasiyasının nümayəndələri iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli və Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti Qerald Qestbauer çıxış edib, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev və onun müşaviri Mirzə Əliyev tərəfindən təqdimatlar edilib, “Liebherr Azeri” MMC-nin icraçı direktoru Kubilay Karahan tərəfindən ölkəmizlə bağlı müsbət biznes təcrübəsi paylaşılıb.
Tədbir zamanı iştirakçılar Azərbaycanın biznes və investisiya mühiti, Azərbaycan-Avstriya xarici ticarət əlaqələri, nəqliyyat, tranzit və logistika imkanları, ölkəmizdəki sənaye zonaları və aqroparklar, Ələt Azad İqtisadi Zonası, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və xarici investorlar üçün yaradılmış imkanlar və tətbiq edilən güzəştlər barədə ətraflı məlumatlandırılıb.
Qeyd olunub ki, Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi, zəngin təbii sərvətləri, ixtisaslı işçi qüvvəsi, güclü sosial-iqtisadi infrastrukturu, uğurlu iqtisadi islahatları və investisiyaların stimullaşdırılması hesabına ölkəmizdə əlverişli biznes mühiti formalaşıb. İki ölkə arasında dinamik şəkildə inkişaf edən iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd olunub, Avstriya şirkətləri bu imkanlardan faydalanmağa dəvət edilib.
Azərbaycanda mövcud biznes və investisiya mühiti barədə təqdimatlar qonaqlar tərəfindən maraqla qarşılanıb, bu imkanlardan faydalanmaq üçün müraciətlərin ediləcəyi bildirilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana