SİYASƏT
Azərbaycan ərazisində bir beynəlxalq təşkilatın iki ofisi ayrı-ayrı yerlərdə müxtəlif məqsədlərə xidmət edə bilməz - Rəy
![Azərbaycan ərazisində bir beynəlxalq təşkilatın iki ofisi ayrı-ayrı yerlərdə müxtəlif məqsədlərə xidmət edə bilməz - Rəy](/files/2023/2/1200x630/16915761333104022234_1200x630.jpg)
Bakı, 9 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir. Çünki Şuşada keçirilən Qlobal Media Forumu çərçivəsində Azərbaycana təşrif buyuran jurnalist geniş auditoriyaya regionda baş verən prosesləri çatdırmaq niyyəti güdürdü. Həmin jurnalistə qarşı Ermənistanın təbliğat maşını qarayaxma kampaniyası həyata keçirmişdi. Diqqətçəkən məqam ondan ibarətdir ki, dövlətimizin başçısı müsahibəsində Ermənistanla sülh müqaviləsinin imzalanması, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpa olunması haqqında fikirlərini bildirdi. Eyni zamanda, ermənilərə də mesajlar göndərdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov söyləyib.
Politoloq qeyd edib ki, Azərbaycan hazırda beynəlxalq hüquqa söykənən mövqeyini əsaslandırır, arqumentləşdirir. Eləcə də Ermənistan tərəfinin təxribatları heç bir nəticə vermir. Lakin bu təxribatlar sülh prosesinə zərbə vurur. Belə ki, Ermənistanın Azərbaycanla razılaşdırılmadan sərhədə yüklər gətirərək Qarabağ iqtisadi rayonuna daşımaq niyyəti sülhə və münasibətlərin nizamlanması prosesinə mənfi təsir göstərir. Eyni zamanda, qeyd etməliyik ki, Xankəndidəki Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ofisi Bakıya tabe deyil, Ermənistandan idarə olunur. Bu da tamamilə qəbulolunmazdır. Çünki Azərbaycan ərazisində bir beynəlxalq təşkilatın iki ofisi ayrı-ayrı yerlərdə müxtəlif məqsədlərə xidmət edə bilməz, bu yolverilməzdir.
Azərbaycan Prezidentinin müsahibəsində toxunulan digər mühüm məsələ isə sülhü təşviq etmək və birgəyaşayış qaydalarının geniş yayılması ilə bağlı fikirlərin izahı oldu. “Uzun illər ərzində Ermənistanda hakimiyyətdə olan qüvvələr xalqa yalan danışıblar, tarixi saxtalaşdırıblar, Azərbaycan ərazilərini dağıdıblar. Maraqlıdır ki, bu cinayətlərə münasibətdə dünya birliyi susqunluq nümayiş etdirib. Bu gün Ermənistanın arxasında olan qüvvələr revanşizm ideologiyasının genişlənməsinə xidmət edən açıqlamalar, bəyanatlar yayırlar, bununla da sülhə əngəl olurlar. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdıqdan sonra atdığı addımlar bir-biri ilə ziddiyyət təşkil edir. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, buna uyğun davranmalıdır. Həmçinin Ermənistan qeyri-konstruktiv münasibəti aradan qaldırılmaldır ki, regionda sülh və təhlükəsizlik bərqərar olsun”, - deyə İ.Hüseynov bildirib.