Azərbaycan ərazisinə narkotik vasitələrin qanunsuz keçirilməsinin qarşısı alınıb
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, martın 10-da Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələrin iki halda qaçaqmal qolu ilə qanunsuz keçirilməsinin qarşısı alınıb. Belə ki, Lənkəran sərhəd dəstəsinin Astara rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan iki şəxsin qarşısı alınıb. Sərhəd pozucuları qanunsuz yolla dövlət sərhədindən keçirmək istədikləri qaçaqmalı ataraq havanın qaranlıq və ərazinin sıx meşəlik olmasından istifadə etməklə geriyə qaçıblar. Hadisə yerinə baxış zamanı sərhəd pozucularına məxsus 535 qram marixuana aşkarlanaraq götürülüb.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən Astara rayonunun Şahağacı kəndi istiqamətində Azərbaycan Respublikasının sərhəd sularında rejimə nəzarət həyata keçilərkən su səthində kustar üsulla hazırlanmış buy, buya bağlanılmış kisədə isə 2200 qram heroin aşkarlanaraq dövriyyədən çıxarılıb.
Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.