CƏMİYYƏT
Azərbaycan Gənclər Gününə həsr olunmuş “Müasir gənclik və milli şüur” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Bakı, 1 fevral (AZƏRTAC). Fevralın 1-də “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş “Müasir gənclik və milli şüur” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə TUMİB-in üzvləri və gənclər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Azərbaycandakı Atatürk Mərkəzində keçirilən tədbirdə əvvəlcə dövlət himni oxunmuşdur.
Türkiyə və Azərbaycan universitetlərində təhsil alan tələbə və məzunların iştirak etdikləri “dəyirmi masa”da TUMİB-in sədri Çingiz Bayramov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Vüqar Səlimov, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənc nəslə göstərilən diqqət və qayğıdan danışmışlar.
Bildirilmişdir ki, məhz ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 1-də imzaladığı Sərəncamla hər il fevralın 2-si ölkəmizdə Azərbaycan Gənclər Günü kimi qeyd olunur. Bu bayramın bütün Azərbaycan gənclərinin bayramı olduğunu deyən natiqlər bildirmişlər ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər gənclərlə bağlı müxtəlif dövlət proqramları qəbul olunur və həyata keçirilir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, onlara yaradılan şərait böyük diqqətin nəticəsidir.
Vurğulanmışdır ki, bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün daha fəal çalışır. Bu gün müasir Azərbaycan gəncliyi milli şüura malik olan, xarici dilləri bilən, intellektual səviyyəsi inkişaf etmiş, idman sahəsində öz sözünü demiş, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edən, müasir dünyagörüşü formalaşan gənclikdir. Müasir gənclik, eyni zamanda, vətənpərvər, millətini, xalqını, ana dilini sevən, tarixini və mədəniyyətini bilən təhsilli gənclikdir.
Digər çıxış edənlər də düşmən tapdağı altındakı torpaqlarımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuz tərəfindən tezliklə azad olunacağına inam ifadə etmişlər.
Tədbirdə gənclər arasında vətənpərvərlik ruhunun təbliğatında oynadıqları rola görə bir qrup tanınmış şəxs “Vətənpərvər gənc” fəxri adları ilə təltif olunmuşdur.