CƏMİYYƏT
Azərbaycan Gəncləri Günü gözdən əlil və zəif görən uşaqlarla birgə qeyd edilmişdir
Bakı, 1 fevral (AZƏRTAC). Fevralın 1-də Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika internat məktəbində 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə mərasim iştirakçılarını təbrik etmişdir. Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edən T.Tağıyev 1997-ci ildə ulu öndər tərəfindən təsis edilmiş bu bayramın Azərbaycan gənclərinə göstərilən diqqət və qayğının, onların fəaliyyətinə verilən qiymətin bariz nümunəsi olduğunu vurğulamışdır. O, bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğıdan danışmış, ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti nəticəsində gənclərin bütün sahələrdə özlərini doğrultduqlarını vurğulamışdır.
Sonra Odlar Yurdu Universitetinin tələbələri ədəbi-bədii kompozisiyanı təqdim etmişlər.
Sağlamlıq imkanları məhdud gənclərin ifasında mahnılar isə böyük rəğbətlə qarşılanmışdır.