Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib
Ağcabədi, 1 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Ölkəmizdə gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 2 Fevral - Gənclər Günü münasibətilə laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində keçirilən tədbirdə səsləndirilib. Laçınlı gənclər əvvəlcə qəsəbədə ümummilli lider Heydər Əliyevin büstünü və Şəhidlər Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Rayon təhsil şöbəsinin akt zalında davam etdirilən tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev çıxış edərək, ölkəmizdə həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də əsaslı dönüş yarandı. Vurğulanıb ki, dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni mərhələdə davam etdirilir.
Tədbirdə çıxış edən laçınlı gənclər dövlət-gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən məmnun qaldıqlarını bildirib, işğal altında olan torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, qətiyyətli mövqeyi sayəsində tezliklə azad olunacağına qəti əminliklərini ifadə ediblər.
Sonda həqiqi hərbi xidmətdən yenicə qayıtmış, həmçinin rayonun ictimai-mədəni həyatında fəallıq göstərən bir qrup gəncə fəxri fərman və hədiyyələr verilib.