Azərbaycan geoloqları ukraynalı həmkarları ilə birgə tədqiqatlar aparırlar
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri Prezident yanında Elmin İnkişafı Fondundan (EİF) qrant dəstəyi almış “Alternativ enerji mənbəyi kimi Azərbaycanın yanar şistlərinin kompleks tədqiqi, onların istifadə üsullarının texniki-iqtisadi və geoekoloji əsaslandırılması” layihəsini həyata keçirirlər.
GGİ-dən AZƏRTAC-a bildirilib ki, ikiillik layihənin struktur planında Azərbaycan üçün qeyri-ənənəvi sayılan, energetika, neft-kimya, tibb, kənd təsərrüfatı, tikinti və s. sahələrində geniş istifadə potensialı olan yanacaq-enerji və xammal resursu kimi yanar şist sənayesinin respublikada inkişafı üçün kompleks geoloji-geofiziki, geokimyəvi tədqiqatlarla öyrənilməsi, keyfiyyətinə və ehtiyatına görə böyük perspektiv vəd edən sahələrin ayrılmasının həyata keçirilməsi və onların istifadəsində texniki-iqtisadi və geoekoloji amillərin elmi əsaslandırması kimi vacib məsələlərin həll edilməsi nəzərdə tutulur.
GGİ-nin palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyev və layihənin icraçısı, dosent Orxan Abbasov EİF-in maliyyə dəstəyi ilə Kiyev şəhərində ezamiyyətdə olublar. Ezamiyyə müddətində əvvəlcədən nəzərdə tutulmuş elmi-tədqiqat müəssisələrində layihənin mövzusu ilə əlaqədar keçirilən görüşlərdə fikir mübadiləsi aparılıb.
Ukrayna Dövlət Geoloji Kəşfiyyat İnstitutunun direktoru, professor S.V.Qaşovski yaxın gələcəkdə Azərbaycanın yanar şistlərinin öyrənilməsi məsələsini də özündə ehtiva edən memorandumun imzalanması təklifini irəli sürüb. Eyni zamanda, Ukrayna alimləri bu sahədə birgə elmi-tədqiqat işlərinin aparılmasını təklif ediblər.